Accessibility links

Müstəqil jurnalistlə bağlı iddia ərizəsinə baxış başlayıb


Cəmil Məmmədli
Cəmil Məmmədli

Bu gün, martın 29-da Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədliyə qarşı Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsinə baxış başlayıb. Vəkilin vəsatəti əsasında ərizəyə baxış iclası aprelin 2-dək təxirə salınıb.

Vəkil Şahin Mütəllimov Amerikanın Səsinə deyib ki, məhkəmə iclası açıq elan edilsə də iclas zalına heç kim buraxılmayıb.

“Hakim pandemiya səbəbindən iclas zalına insanları buraxmadı. Halbuki məhkəmənin digər iclas zallarına insanlar buraxılırdı. Bu halda vəsatət verdim ki, digər iclas zallarındakı məhkəmə iclaslarının video görüntüləri təqdim edilsin. Hansı səbəbdən eyni vaxtda keçirilən digər açıq məhkəmə iclaslarına insanlar buraxılır, amma jurnalistin məhkəmə prosesi açıq olsa da insanlar zala buraxılmır,” o qeyd edib.

Bununla yanaşı hakim məhkəmə prosesinin video və audio yazısının aparılması barədə vəsatəti təmin edib.

Quba rayon (Bakıdan 168 kilometr şimal) icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

İcra hakimiyyəti başçısı jurnalistin Cinayət Məcəlləsinin 147-2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir.

Cəmil Məmmədli Amerikanın Səsinə bildirib ki, Quba rayon icra hakimiyyəti başçısı onu araşdırma yazısına görə məhkəməyə verib.

“Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videoları yaymışam. Əslində prokurorluq orqanları mənim Youtube kanalımda Facebook səhifəmdə yaydığım araşdırmalarda əksini tapan faktlara hüquqi qiymət verməlidir,” o qeyd edib.

Jurnalist yerli sakinlərə əsaslanaraq bildirirb ki, hazırda onun araşdırmaları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. Bununla yanaşı, Baş Prokurorluqdan Quba rayon İcra Hakimiyyəti baçısı ilə bağlı araşdırma aparılıb-aparılmadığını öyrənmək mümkün olmayıb.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O əvvəllər Azadlıq radiosunun bölgə müxbiri olub.

XS
SM
MD
LG