Accessibility links

Xaçmazda jurnalistə qarşı cinayət işi qaldırılıb


Cəmil Məmmədli (Arxiv foto, Mənbə: Facebook)
Cəmil Məmmədli (Arxiv foto, Mənbə: Facebook)

Xaçmaz rayonunda çalışan jurnalist-frilanser Cəmil Məmmədli ona qarşı qaldırılmış cinayət işi üzrə polisə dəvət edilib.

Bu barədə Amerikanın Səsinə jurnalsitin özü bildirib.

Cinayət işinin qaldırılmasına ötən il dekabrın 15-də Xaçmaz şəhərində Məmmədlinin olduğu avtomobilin digər avtomobillə toqquşması səbəb olub.

“Məsələ aydınlaşdırılan zamanı biz digər avtomobilin sürücüsü ilə nəzakətli davrandıq. Lakin o, fiziki qarşıdurmaya təhrik etdi və mən özümü müdafiə etməli oldum,” o qeyd edib.

Bu zaman hadisə yerində olan polislər müdaxilə etməyib.

“Polislər bizi videoaya çəkməyə başladılar. Beş gün sonra mən cinayət işinin açılmasından xəbər tutdum.”

“Fakt üzrə Cinayət Məcəlləsinin 221.2-ci maddəsilə (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) açılıb. Yanvarın 16-da mənə ittiham irəli sürmək üçün Xaçmaz rayon Polis Şöbəsinə çağırdılar. Lakin vəkilim rayonda olmadığı üçün yanvarın 17-də gəlməyimi istədilər. Bu gün Daxili İşlər Nazirliyinə müraciət etmək üçün Bakıya gəldim, ancaq məni qəbul etmirlər,” jurnalist qeyd edib.

Məmmədli hesab edir ki, ona qarşı təxribat törədilib və bunun arxasında Quba rayon icra hakimiyyəyinin başçısı dayanır. Əvvəllər onun iddiası üzrə islah işlərinə məhkum edilib.

“2021-ci ildə mənim həbsimə nail olmaq istədi, o zaman alınmadı, indi də işi saxtalaşdırıblar,” Məmmədli deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

"Məmmədli Cəmil 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır. O saxlanılmayıb", Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov bildirib.

İttiham sübut olunarda Cəmil Məmmədlini üç ilədək həbs gözləyir.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O əvvəllər Azadlıq Radiosunun bölgə müxbiri olub.

Bundan öncə, 2022-ci il martın 4-də Xaçmaz rayon Məhkəməsi hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlini Quba rayon İira hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə 1 il 6 ay islah işlərinə məhkum edib. Məhkəmənin hökmünə görə, jurnalistin qazancının 20 faizi dövlətin nəfinə tutulmalıdır. İcra hakimiyyəti başçısı jurnalistin böhtan və təhqirə görə, azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Şikayət Cəmil Məmmədlinin müəllifi olduğu “Qədim Qubanın müasir günü”, “Yolçunun fayton fırıldağı” adlı araşdırma videoları ilə bağlı olub.

Vəkil Nemət Kərimli bildirib ki, jurnalist böhtan və təhqirdə təqsirli bilinsə də, əslində, belə əməllərə yol verməyib.

XS
SM
MD
LG