Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bəyan edir ki, onun qeydiyyatına hər hansı problem yaratmaq, ölkədə de-fakto ana müxalifət partiyası olan bir partiyanın fəaliyyətini qadağan etmək cəhdləri hakimiyyətin özü üçün də ciddi fəsadlar yarada bilər.
Bu barədə yenidən qeydiyyatdan keçmək üçün sənədlərində düzəlişlər edərək Ədliyyə Nazirliyinə təqdim etdikdən sonra AXCP-nin yaydığı “Azərbaycan hakimiyyətinin müxalifəti məhv etmək və ölkədə faktiki təkpartiyalı sistem yaratmaq təşəbbüsünə qarşı etiraz bəyanatı”nda deyilir.
Sənəddə qeyd edilir ki, insanların Ədliyyə Nazirliyinin reyestr təsdiqi olmadan siyasi fəaliyyətlə məşğul olmasının “böyük qanun pozuntusu kimi qiymətləndirilməsi, ağır maliyyə sanksiyaları ilə cəzalandırmaq Azərbaycan Konstitusiyasına, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara ziddir və bunun ciddi etirazlar doğuracağı şübhəsizdir”.
“İlham Əliyev hakimiyyəti hazırda demokratik dünyanın daha çox Rusiya-Ukrayna müharibəsi ilə məşğul olmasına və Azərbaycanla Ermənistan arasında daimi sülh sazişi əldə etmək istəyinin önə çıxmasına arxayın olmamalıdır. Avropa siyasi məkanına daxil olan, 20 ildən çoxdur Avropa Şurasının üzvü olan bir ölkədə dinc siyasi müxalifətçiliyi qanun səviyyəsində qadağan etmək özünə qarşı beynəlxalq birliyin cəza mexanizmini işə salmaq olar. AXCP bəyan edir ki, qeydiyyatı ilə bağlı hansı vəziyyətin yaranacağından asılı olmayaraq, ölkədə universal hüquq və azadlıqların qorunması, demokratiyanın bərqərar edilməsi uğrunda dinc mübarizəsini bütün hüquqi və siyasi vasitələrlə davam etdirəcək”, bəyanatda deyilir.
“Azərbaycan xalqı bilməlidir ki, ölkədə real müxalifətçiliyin qanunla qadağan olunması və bununla da siyasi alternativlərdən məhrum edilməsi nəticə etibarilə onun yaşam şərtlərini daha da ağırlaşdırmaq, milli və dövlət maraqlarımıza ağır zərbə vurmaq demək olacaq. Belə bir təhlükənin önünə daha kütləvi etiraz və müqavimətlə çıxmaq lazımdır”, sənəddə qeyd edilir.
AXCP bildirir ki, İlham Əliyev hakimiyyətinə ölkədə təkpartiyalı sistemə keçid üçün təkcə siyasi partiyalar haqqında mürtəce qanun qəbul etməsi kifayət etməyib.
“İlham Əliyev 16 avqustda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb. Dəyişiklikdən sonra İnzibati Xətalar Məcəlləsi siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə siyasi partiyalara, partiya üzvlərinə və partiya rəhbərliyinə qarşı 17 növ cərimə cəzası nəzərdə tutur. Qeydiyyatı ləğv edilmiş və ya fəaliyyəti dayandırılmış partiyanın adından çıxış və hərəkətlərə görə fiziki şəxslər 700 manatdan 2000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 5000 manatadək, hüquqi şəxslər 6000 manatdan 15000 manatadək cərimələnə bilər. Çox aydın görünür ki, məqsəd real müxalifət partiyalarının (ilk növbədə AXCP-nin) əvvəlcə müxtəlif bəhanələrlə dövlət qeydiyyatını ləğv etmək, sonra da ağır maddi cərimələrin təzyiqi ilə müxalif fəaliyyəti rəsmən, qanunun gücü ilə qadağan etməkdir”, sənəddə bildirilir.
AXCP bildirir ki, “Siyasi partiyalar haqqında” yeni qanun müzakirəyə çıxarılandan bəri onun mürtəce və ilk fürsətdə ləğv edilməli olduğunu bəyan edib, bundan sonra da bütün hallarda bu mövqeyində qalacaq.
“Lakin öz qeydiyyatının ləğv olunmasına hər hansı bəhanə verməmək üçün AXCP 5 min nəfərdən artıq üzvünün reyestrini Ədliyyə Nazirliyinə təqdim edib. Təqdim edilmiş siyahı çox diqqətlə hazırlanıb və təkrarən ciddi təftiş olunub. AXCP təqdim etdiyi siyahıdakı şəxslərin partiya üzvü olduğunu istənilən şəkildə isbatlamağa hazırdır. AXCP çəkinmədən bəyan edir ki, əgər siyasi sifariş olmasa, onun qeydiyyatı ilə bağlı hər hansı problem yaranmamalıdır. Lakin çox təəssüf ki, bəzi ilkin əlamətlərdən Ədliyyə Nazirliyinin siyasi sifarişlə AXCP-nin qeydiyyatını ləğv edə biləcəyi də hiss olunur”, sənəddə qeyd edilir.
Ədliyyə nazirliyi AXCP-nin bəyanatına hələ şərh verməyib.
Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onlardan indiyədək yalnız iqtidarda olan Yeni Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb. Digər partiyaların sənədlərində çoxsaylı səhvlər, qeyri-dəqiqliklər olduğundan yenidən düzəlişlər edilməsi üçün geri qaytarılıb.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə deyib ki, ölkədə yeni siyasi partiyaların yaranması və ya ləğvi ümumən siyasi sistemin mahiyyətini dəyişmir.
“Ölkədəki siyasi system özlüyündə keçmiş SSRİ-dən qalma siyasi sistemdir. Sadəcə idarələrin və qurumların adlarını dəyişib milli adlarla əvəz ediblər. Amma mahiyyətcə ciddi bir şey dəyişməyib. Ən əsas dəyişməyən odur ki, hazırda Azərbaycanda hər şeyə total nəzarət var. Yəni iqtisadiyyata da, siyasətə də, hətta insanların sosial həyatına da, hər şeyə total bir nəzarət var”, Qasımov qeyd edib.
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Amerikanın Səsinə “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklərin mahiyyəti barədə danışarkən deyib ki, qanunda sərt məhdudiyyətlər, xüsusən qeydiyyata alınmayan siyasi partiyaların qadağan oluması ilə bağlı tələb var.
“Yəni qeydiyyata alınmayan partiya fəaliyyət göstərərsə məsuliyyət yaradır. Bununla da ölkəyə icazəli siyasət gətirilir. Halbuki siyasi fəaliyyət birləşmə və ifadə azadlığından doğur. Birləşmə və ifadə azadlığını isə zəruri tələblər olmadan və adekvat tədbir görmədən dövlət məhdudlaşdıra bilməz. Təbi ki, dövlətin bu azadlıqları müəyyən müddət məhdulaşdırması da cəmiyyətdə sosial zərurətdən doğmalıdır, məhdudiyyət adekvat və proporsional olmalıdır”, o qeyd edib.