İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərinin bəzi məhəllələrində su kəsilməsi həftələrdir davam edir.
Uzunmüddətli su kəsintiləri ötən həftə şəhərin Bağmeşə şəhərciyinin sakinlərinin etiraz aksiyası keçirməsinə səbəb olmuşdu. Artq 3 həftədir ki, vilayət rəsmiləri bir neçə gün ərzində su problemini həll edəcəklərini vəd edirlər, lakin xəbərlərdə suyun kəsilməsi probleminin hələ də həll olunmadığı bildirilir. Yay mövsümünün isti günlərində uzun saatlar ərzində şəhərin müxtəlif yerlərində suyun kəsilməsi Təbriz əhalisində ciddi narahatlığa səbəb olub.
İran mediası vilayət rəsmilərinə istinadən yazır ki, bu il yağıntılar 20% azalıb və Təbriz şəhərinin su ilə təmin edən bəndlərində suyun həcmi olduqca azalıb.
Fars xəbər agentliyinin Təbrizdən verdiyi məlumata görə, Bağmeşə və Nəsr məhəllələrində su problemi davam edir. Sosial mediada bu iki məhəllədən başqa şəhərin daha bir neçə məhəlləsində də suyun kəsilməsi ilə bağlı xəbərlər dərc olunub.
Dünən rəsmi dövlət xəbər agentliyi İRNA Şərqi Azərbaycan Su və Kanalizasiya Şirkətinin icraçı direktoru Məhəmməd Xaniyə istinadən bildirib ki, Təbrizin su çatışmazlığı problemi üç gün ərzində həll olunacaq. O, ötən həftə Bağmeşə məhəlləsinin etirazçıları ilə görüşərkən yaxın günlərdə bu problemin həll olunacağını vəd etmişdi.
SEE ALSO: Təbrizin bir məhəlləsində suyun kəsilməsi etiraza səbəb olubYağıntıların azalması Təbrizin suyunu təmin edən bəndlərindəki su həcminin xeyli azalmasına səbəb olsa da, 2 milyon əhalisi olan şəhərin məhəllələrində suyun tez-tez kəsilməsinin əsas səbəbi su təchizatı şəbəkəsinin köhnə və lazımi infrastrukturun olmamasıdır.
Şəhərin su ehtiyacını təmin edən ayrı-ayrı mənbələrin bir-birinə lazımi təchizatla qoşulmadığından dolayı şəhər bu problemlə üzləşir. Baxmayaraq ki, vilayət rəsmiləri lazımi infrastrukturu təmin etməklə şəhərin su şəbəkəsinin problemini həll edəcəklərini vəd edirlər, lakin nəzərə alınmalıdır ki, ən azı 2019-cu ildən bəri həmin infrastrukturun istismara veriləcəyi vədi müxtəlif vəzifəli şəxslər tərəfindən verilir.