Volodimir Zelenski: Azərbaycan Ukraynaya minatəmizləmə avadanlıqları təqdim etməyə hazırdır

"Azərbaycan Ukraynaya minatəmizləmə avadanlıqları da daxil olmaqla, yeni humanitar yardım paketi təqdim etməyə hazırdır".

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 12-də növbəti videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukraynaya tərəfdaş ölkələrdən minatəmizləmə texnikasının tədarükü vacibdir.

Zelenskinin sözlərinə görə, ölkəsinin 174 min kvadrat kilometr ərazisi partlamamış mina və sursatlar səbəbindən potensial təhlükəlidir.

"Mütəxəssislərimiz hər gün yüzlərlə partlayıcı obyekt aşkarlayır. Və nə qədər çox minatəmizləyici maşınlarımız, xüsusi minatəmizləmə aparatlarımız olsa, təhlükəsizliyimizi bir o qədər fəal şəkildə bərpa edə biləcəyik. Bizə kömək edən hər bir ölkəyə təşəkkür edirik", o qeyd edib.

Müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə başlayıb. İlk yardım müharibənin başlamasından üç gün sonra, 27 fevralda çatdırılıb.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 43 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 120 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi, SOCAR Energy Ukraine, müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

Azərbaycan Ukraynaya sonuncu dəfə iyunun 9-da humanitar yardım göndərib.

İyulun 17-də isə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrıb.

Buna qədər Azərbaycan Ukraynaya Kaxovka Su Elelktrik Stansiyasının dağıntılarının nəticələrinin aradan qaldırılması üçün humanitar yardım qismində generatorlar, nasoslar və digər avadanlıqlar, həmçinin ərzaq, dərman və tibbi ləvazimatlar göndərib.