Şərqi Azərbaycan vilayətinin polis komandiri General Əli Məhəmmədi vilayətdə 4 ay ərzində 439 avtomobilə sərnişinlərinin hicaba riayət etmədiyi səbəbilə həbs qoyulduğunu açıqlayıb.
Təbrizdə fəaliyyət göstərən Nasr News internet portalına istinadən, General Məhəmmədi "polis qüvvələrinin yararlandığı ağıllı sistemlər və təchizat vasitəsilə vilayətdə hicabsızlığa son qoyulmasının hədəfləndiyini" vurğulayıb.
Hicab və İffət layihəsinin tətbiqi istiqamətində Hicri ilinin ilk dörd ayında 439 avtomobilə həbs qoyulduğunu bildirən polis komandirinin sözlərinə görə, "qanuna əsasən hicaba riayət etməyənlərə öncə SMS xəbərdarlıq göndərilir. SMS göndərilən şəxslərin yenidən hicaba riayət etmədiyi təqdirdə barələrində məhkəmə işi açılır. Məhkəmə bu şəxsləri dövlət xidmətlərindən istifadə etmək, pasport müddətini uzatmaq, həmçinin ev və avtomobil satın almaq kimi imkanlardan məhrum edir."
SEE ALSO: Ərdəbil prokuroru: Şəriətə uyğun olmayan geyim satıcıları şallaqla cəzalandırılacaqSon aylarda İslam Respublikası şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökümət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicab və digər qaydalara riayət edilmədiyi iddiası ilə möhürləyir.
İran polisi kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir.
Hökümət həmçinin vətəndaşlardan "yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə" üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.