BMT ekspertlərinin “Laçın dəhlizi” ilə bağlı bəyanatı Azərbaycan tərəfindən qəbul edilmir

BMT-nin İnsan Hüquqları Şurasının bir sıra xüsusi məruzəçiləri və ekspertləri Azərbaycanı Laçın dəhlizinin blokadasını götürməyə və Dağlıq Qarabağda humanitar böhranı dayandırmağa çağırıblar.

Rəsmi Bakı bəyanatda deyilənləri qəbul etmir və reallığı əks etdirmədiyini bildirir.

BMT ekspertlərinin bəyanatında deyilir ki, son 7 ayda Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolu əngəlləyən blokada əhalini kəskin ərzaq məhsulları, dərman və gigiyena vasitələri çatışmazlığı ilə üz-üzə qoyub, tibb və təhsil müəssisələrinin fəaliyyətinə təsir göstərib, sakinlər - xüsusilə uşaqlar, əlillər, yaşlılar, hamilə qadınlar və xəstələr - əhəmiyyətli risk altındadır.

“Laçın dəhlizinin blokadası humanitar fövqəladə haldır ki, günəbaxan yağı, balıq, toyuq əti, süd məhsulları, dənli bitkilər, şəkər və körpə süni qarışıqları da daxil olmaqla, əsas qida məhsullarının kəskin çatışmazlığına səbəb olub”, ekspertlər bildirib.

Onlar xəbərdarlıq ediblər ki, bölgədə tibbi ehtiyatlar sürətlə tükənir və yanacaq ehtiyatlarının azalması səbəbindən təcili yardım maşınlarının fəaliyyəti çətinləşir, xəstələrə qayğı göstərməkdə çətinliklər yaranır.

Ekspertlər Azərbaycan hakimiyyətini 2020-ci il noyabrın 9-da imzalanan atəşkəs bəyanatına uyğun olaraq Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin, yüklərin sərbəst və təhlükəsiz hərəkətini dərhal bərpa etməyə çağırırlar.

“Biz Azərbaycan hökumətini qida, sağlamlıq, təhsil, yaşama hüququ da daxil, insan hüquqlarına hörmət və müdafiə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Biz həmçinin, Dağlıq Qarabağ münaqişəsinin dinc, dayanıqlı həllini tapmaq üçün bütün tərəflər arasında əməkdaşlıq və dialoqun vacibliyini vurğulayırıq”, ekspertlərin çağırışında bildirilir.

BMT ekspertləri bölgədə yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrini atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq Laçın dəhlizini qorumağa çağırırlar.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi BMT-nin İnsan Hüquqları Şurasının “Laçın yolu” ilə bağlı bəyanatına şərh verib.

Azərbaycan Xarici İşlər Nazirliyi BMT ekspertlərinin bəyanatından təəssüfləndiyini qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi məruzəçilərin bəyanatını qərəzli saydığını bildirib.

“BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən “Laçın dəhlizinin” blokadada saxlandığı və “Dağlıq-Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etməsi təəssüf doğurur və BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir”, bəyanatda deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirərək silah-sursatla təchiz edilməsini xatırladıb.

Bəyanatda qeyd edilir ki, bütün təxribatlara baxmayaraq, Azərbaycan tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır.

Bu bəyanata hələlik Ermənistan tərəfinin münasibəti bəlli deyil. Lakin Ermənistan rəsmiləri Qarabağdan silahlı qüvvələrinin çıxarılmaması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar habelə vurğulayırlar ki, Qarabağda “müdafiə” ordusunun onlara aidiyyəti yoxdur.

Xatırlatma

Ermənistan tərəfi keçən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə “Laçın” sərhəd buraxılış məntəqəsini qurub. İyunun 15-də Ermənistan tərəfdən keçid məntəqəsi atəşə tutulub, Azərbaycanın bir sərhədçisi yaralanıb. Sərhəd buraxılış məntəqəsi bir müddət bağlanıb.

İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.

Azərbaycan iyulun 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə Laçın sərhəd buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb. İyulun 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə bir daha bildirib ki, zəruri qaydalara riayət etməklə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsi mümkündür. Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə nazir Bayramov Azərbaycan tərəfinin “Ağdam-Xankəndi” yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğunu bir daha xatırladıb.

Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib. ​

Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb.