Ərdəbilin yeni ümumi və inqilab prokuroru Cəlal Afaqi vilayətdə şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarətin gücləndirilməsi ilə əlaqədar sərt açıqlamalar verməkdə davam edir.
Yarı-rəsmi Mehr agentliyinin bildirdiyinə görə, Ərdəbilin yeni ümumi və inqilab prokuroru bazar ertəsi günü geyim mağazalarına baş çəkərkən bu haqda danışıb.
"İctimai yerlərdə istifadəsi şəriətə zidd olan və ya ümumi iffətə uyğun olmayan geyim satıcılarını şallaq cəzası gözləyir," prokuror qeyd edib.
Cəlal Afaqi həmçinin deyib ki, "ümumi iffəti pozan geyim və aksesuarları istehsal edən, idxal edən və satan şəxslər qanuna görə suçlu sayılırlar. Bu növ əşyalar isə qaçaq mal hesab olunur."
Prokuror Ərdəbil vilayətində "ümumi iffəti pozan geyim" satıcılarına xəbərdalıq edib ki, onların haqqında məhkəmə işi açılmadan bu növ geyim və aksesuarları mağazalarından toplamalıdırlar.
SEE ALSO: Ərdəbil prokuroru: Hicab İran İslam Respublikasının namusu və qırmızı xəttidirƏrdəbilin yeni prokuroru Cəlal Afaqi vilayətdə şəriət qanunları və hicab qaydalarının tətbiqi ilə əlaqədar keçən həftələr ərzində bir neçə dəfə sərt açıqlamalar verib.
Son aylarda İslam Respublikası şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökümət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicab və digər qaydalara riayət edilmədiyi iddiası ilə möhürləyir. İran polisi kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir. Hökümət həmçinin vətəndaşlardan "yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə" üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.