Güneyli milli fəallar şəhərlərdə Urmiyə gölü ilə əlaqədar afişalar paylayır

Urmiyə gölü

Milli fəallar İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölünün ağır vəziyyəti ilə bağlı broşürlər paylayır və afişalar quraşdırır.

Son günlər və həftələrdə Urmiyə gölünün vəziyyətinin pisləşməsi ilə İran Azərbaycanının şəhərlərində, o cümlədən Təbriz, Ərdəbil və Urmiyədə milli fəallar Urmiyə gölünün vəziyyəti ilə bağlı broşürlər və bildirişlər dağıdıblar.

Sosial mediada yayımlanan xəbərlərə görə, Təbriz şəhərində paylanan broşürlərin üzərində “Azadlıq, Ədalət, Milli hökumət,
Vətən bizi çağırır, Harayına hay vermə zamanı, Azərbaycan xalqı gəlin Urmu gölünü qurutmaya izin verməyək, cansız gölümüz bizi çağırır” sözləri dərc edilib.

Güneyli vətəndaşlarUrmiyə gölünün qurumuş yatağına simvolik olaraq su töküb

Ərdəbil şəhərinin əhalisi arasında paylanan broşürlərdə isə “Urmu gölü can verir, Urmiyə gölünün qəsdən qurudulması, Azərbaycan millətinin məhvi ilə bərabərdir və ingilis dilində “Urmiyə gölünü xilas et” cümlələri yazılıb.

Urmiyə şəhərində azərbaycanlı milli fəallar şəhərin müxtəlif yerlərində divarlara quraşdırdıqları bildirişlərdə Urmiyə gölünün tamamilə qurumasının fəsadları və bunun Azərbaycan xalqının həyatı üçün təhlükələri barədə xəbərdarlıq ediblər.

Həmçinin son günlər müxtəlif şəhərlərdən bəzi vətəndaşlar Urmiyə gölü ətrafına gələrək simvolik şəkildə gölün qurumuş yatağına su töküblər.

Ərdəbildə Urmiyə gölü üçün dağıdılan afişalar

İran mediasında yayımlanan son elmi araşdırmaların nəticələri göstərir ki, hazırda göldəki suyun həcmi son 60 ildə ən aşağı səviyyədədir.

Ətraf mühit məsələləri üzrə bəzi ekspertlər göldəki hazırkı vəziyyəti çox ciddi olaraq qiymətləndiriblər. Bu mütəxəssislərdən bəzilərinin fikrincə, Urmiyə gölünün tam canlandırılması buna görə artıq mümkün deyil.

Bununla belə, İran Azərbaycanındakı bəzi digər ekoloji fəallar və milli fəallar hesab edirlər ki, İran hökuməti gölün canlandırılması üçün lazımi iradə nümayiş etdirmir.

Tənqidçilərin fikrincə, Urmiyə gölünü dirçəltmək üçün İran hökuməti tərəfindən bəndlərdən gölə müəyyən edilmiş su payının ötürülməsi, gölün ətrafında əkin sxeminin dəyişdirilməsi və yeraltı su qaynaqlarından həddindən artıq suyun çıxarılmaması üçün lazımi addımlar həyata keçirilməyib.