Accessibility links

İran İnzibati Məhkəməsi Urmiyə gölünün vəziyyəti ilə bağlı şikayəti təmin etməyib


Urmiyə gölü
Urmiyə gölü

Azərbaycanlı vəkil Sina Yusifi öz Twitter hesabında İnzibati Məhkəməsinin Urmiyə gölünün vəziyyəti ilə bağlı bir neçə ətraf mühit fəalının şikayətinin rədd edilməsi ilə bağlı çıxardığı hökmün surətini paylaşıb.

Yusifinin paylaşdığı məhkəmə qərarına əsasən, İranın İnzibati Məhkəməsi ətraf mühit fəalların Urmiyə gölünün quruması ilə bağlı kollektiv şikayətini "iddiaçının şikayətin mövzusu ilə əlaqədar mənafeyinin olmaması və mülkiyyətin sübut edilməməsi" səbəblərindən dolayı təmin etməyib.

Sina Yusifi bu hökmlə bağlı Twitter hesabında yazıb: "Biz dedik, qışqırdıq və haq tələb etdik ki, gölümüzün ölümü xalqımızın ölümü ilə eyni vaxta düşəcək. Amma eşitmək istəmədiniz. Bütün yolları bağladınız, millətin yaşamaq haqqına istehza etdiniz".

Bu iddiada ətraf mühit fəallarını iki azərbaycanlı hüquqşünas Əsgər Məhəmmədi və Mehdi Zəhiri Yusufabad təmsil edib.

Çıxarılan hökmlə bağlı bu işin digər vəkili Əsgər Məhəmmədi də İnstaqram səhifəsində yazıb: “Ölkənin İnzibati Məhkəməsinin 10 saylı şöbəsi qaldırılan iddia ilə bağlı qanunsuz hökm çıxararaq, bölgədəki xalqın azacıq ümidini boşa çıxarıb.” O, Urmiyə gölünün vəziyyəti ilə bağlı ətraf mühit fəallarının şikayəti ilə bağlı ölkənin İnzibati Məhkəməsinin qərarını izah edərək, qərarın "qanunsuz olduğunu" deyib.

İranın Ətraf Mühit Mühafizəsi İdarəsinin başqanı bu yaxınlarda bir iclasda Urmiyə gölü su payının bəndlərdən verilməməsi ilə bağlı kritik vəziyyəti açıqlayıb və deyib: "Urmiyədə ciddi problemimiz var və böhranın sərhəddinə çatmışıq. Urmiyənin bəndlərdən su payı haqqı var və bu məsələni tez bir zamanda müəyyən etmək lazımdır".

Bir müddət əvvəl İranın ətraf mühit təşkilatının rəsmilərindən demişdi ki, əgər bu gölün su payı təmin olunmasa, çox güman ki, bu gölün bir çox hissəsi quruyacaq və bu gölün sadəcə bəzi hissələrində yağışlı mövsümlərdə su olacaq.

Ölçüsünə və yatağında böyük miqdarda duz olduğuna görə, Urmiyə gölünün quruması, İran Azərbaycanı bölgəsində və hətta Tehran və ətraf vilayətləri də daxil olmaqla bölgədə yaşayan insanlar üçün mühüm ekoloji risklər yaradacaq.

XS
SM
MD
LG