Accessibility links

Yerinə yetirilməmiş vəd - Urmiyə gölünə su nəql edəcək Zab kanalı


Urmiyə gölünə su nəqli üçün 2015 ilində başladılan layihənin böyük bir hissəsinin tamamlanmasına baxmayaraq, Urmiyə gölünə gedən Zab su ötürücü kanalı kanaldakı çatlar səbəbindən istifadəyə verilməyib.

Texniki sahədə səhlənkarlıq ucbatından kanalda yaranan çatlar barədə məsələnin məsul şəxsləri mediaya məlumat paylaşaraq, nöqsanların aradan qaldırılması, kanalın çatlamış hissələrinin təmiri üçün çalışıldığını bildirilir.

Rəsmilər dəfələrlə Zab çayından Urmiyə gölünə su ötürücü kanalı layihəsinin açılışının yaxın zamanda baş tutacağı ilə əlaqədar söz versələr də, bu vədlər dəfələrlə təkrarlanıb. Lakin son zamanlar kanalda çatların olduğu etiraf edilməklə, bu layihədəki texniki qüsur üzə çıxıb.

Bildirilir ki, tunelin damından su damlayır və tunelin gövdəsindəki 750 metr uzunluğundakı çatlar həmin kanaldan hər il 600-650 kubmetr su keçməsi nəzərdə tutulan bu su ötürmə tunelinin gölə açılıb işləməsinə mane olub.

Tunelin gövdəsində çatların olduğu barədə açıqlama verən sadəcə İranın Su və Enerji Resurslarının İnkişafı Şirkətinin baş direktoru Kərim Şeybani olub. O, iyul ayında enerji nazirinin qərbi Azərbaycana səfəri zamanı bu haqda mediaya məlumat verərək, suötürmə tunelinə vaxtından əvvəl su ötürülməsini bu hadisəyə yol açdığını deyib. Bu texniki qüsur barəsində başqa bir rəsmi açıqlama verməyib.

2015-ci ilin oktyabrında kanalın qazılmasına başlanılması ilə bağlı İRNA saytında dərc olunan xəbərə görə, tunelin tikintisi layihəsini İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı podratçı Xatəm Əl-Ənbiya düşərgəsi öz üzərinə götürdüyü məlum olur.

Bu tunelin gövdəsinin yüzlərlə metrində çatların olması ilə bağlı xəbər dərc edilməzdən əvvəl xəbər agentlikləri ölkənin rəsmilərinə istinadən layihənin 93%-nin tamamlandığını bildirmişdi.

Hətta ötən il noyabrın 21-də Qərbi Azərbaycan valisi layihənin başa çatdığını elan edərək iki həftə ərzində onun istifadəyə veriləcəyini vəd etmişdi.

Piranşəhr şəhərində yerləşən "Kanisib" bəndindən Urmiyə gölünə illik 650 milyon kubmetrə qədər su ötürməsi nəzərdə tutulan Zab su kanalı Urmiyə gölünün canlandırılmasında ən təsirli layihələrdən biri kimi qeyd edilib. Lakin indiyə qədər bütün vədlər boşa çıxıb.

Hazırda Urmiyə gölünün vəziyyətinin çox ağır olduğu bildirilir ki, sosial şəbəkələrdə bu gölün tam quruduğu ilə bağlı xəbərlər dərc olunur. Bununla belə, Ətraf Mühitin Mühafizəsi Təşkilatının Su-bataqlıqların Mühafizəsi və Bərpası İdarəsinin baş direktoru gölün tam quruması xəbərini təkzib edərək, göldən təxminən 1000 kvadrat kilometr ərazinin qaldığını, ancaq gölün su payının bəndlərdən təmin edilmədiyi təqdirdə tamamilə quruyacağını deyib.

Sentyabrın 6-da Qərbi Azərbaycan valisi Məhəmməd Sadiq Motəmediyan Enerji Nazirliyinin Urmiyə gölünün xilası prosesində ən mühüm texniki layihənin tamamlanmasında ciddi yanaşdığını və bu layihənin reallaşacağına ümid etdiyini bildirdi. Motəmediyan yenə də vəd verərək, su nəqli layihəsinin "tezliklə" istifadəyə veriləcəyini söyləyib. O, layihənin dəqiq tamamlanma vaxtını qeyd etməyib, həmçinin kanalın 750 metrlik hissəsinin təmirinin hansı mərhələdə olduğunu və nə zaman bitəcəyini də açıqlamayıb.

İranın rəsmi dövlət xəbər agentliyi olan İRNA bu yaxınlarda Urmiyə gölü ilə bağlı "Göllərin quruması litium ehtiyatlarına dəyərmi?" başlıqlı məqalə dərc edərək, İranda göllərin quruması məsələsinə və onların xilası prosesində süründürməçilik və kifayət qədər diqqət verilməməsi nəticəsində baş verdiyini qeyd edib. Həmin məqalədə Urmiyə və ona bənzər digər göllərin yatağında litium kimi mineral ehtiyatların mövcudluğuna diqqət çəkilərək, Urmiyə gölü kimi göllərin canlandırılması və bərpası üçün səy göstərilməməsinin səbəbi bu litium mədənlərinin mövcudluğu ilə əlaqələndirilir.

XS
SM
MD
LG