Vəkil: Nazim Bəydəmirli ittihamı qanunsuz və əsassız hesab edir

Nazim Bəydəmirli (Arxiv foto. Mənbə: VOA)

Həbsdə olan Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirlinin vəkili Cavanşir Seyidov onun səhhətində problem olmadığını bildirib. O, Amerikanın Səsinə Nazim Bəydəmirlinin özünü normal hiss etdiyini və saxlanma şəraitindən şikayəti olmadığını deyib.

Vəkilin sözlərinə görə, Nazim Bəydəmirli ona qarşı irəli sürülən ittihamı qəbul etmir və ilkin heç bir sübut yoxdur.

“İttiham tamamilə qanunsuz və əsassızdır. Hər hansı istintaq hərəkəti də aparılmır”, o, Bəydəmirliyə istinadən bildirib.

İyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Your browser doesn’t support HTML5

Vəkil: Nazim Bəydəmirli ittihamı qanunsuz və əsassız hesab edir

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan parlamentinin keçmiş deputatı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndinədəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədirlər.