Avropa İttifaqı Qızıl Xaç Komitəsinin Qarabağdakı fəaliyyətini dəstəklədiyini deyib

Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə zonasında

Avropa İttifaqı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Cənubi Qafqazda mövcud olan yeganə böyük humanitar təşkilat olduğunu və qurumun fəaliyyətini dəstəklədiyini ifadə edib.

İttifaqın çərşənbə günü yaydığı bəyanatda BQXK-nin neytrallıq, müstəqillik və qərəzsizlik kimi humanitar prinsiplərə uyğun olaraq ehtiyacı olanlara mühüm humanitar yardım və müdafiəni təmin etdiyi qeyd edilir.

“BQXK-nin Laçın dəhlizi boyu fəaliyyəti sırf Qarabağdakı erməni əhalisinin zəruri ehtiyaclarının təmin edilməsinə və çox ehtiyac duyulan humanitar yardıma yönəlib. BQXK-nin fəaliyyətini davam etdirməsini və potensial humanitar böhranın qarşısının alınmasını təmin etmək Azərbaycan hakimiyyətinin məsuliyyətidir. Aİ BQXK-nin regionda həlledici rolunu qətiyyətlə dəstəkləyir və Azərbaycana Laçın dəhlizindən insanların və malların məhdudiyyətsiz hərəkətini təmin etməklə bağlı çağırışını təkrarlayır”, bəyanatda vurğulanır.

İyunun 11-i Azərbaycan Dövlət Sərhəd Xidməti “Laçın” sərhəd məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması ilə bağlı məlumat yayıb. Dövlət Sərhəd Xidməti səbəb kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanmasını göstərib.

“BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanmışdır. Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır. BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır”, Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd edilib.

SEE ALSO: “Laçın” sərhəd məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb

Beynəlxalq Qızıl Xaç Komitəsi məsələyə dərhal reaksiya verərək Laçın dəhlizi ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdar olduğunu və belə fəaliyyətləri dəstəkləmədiyini bildirib.

“Təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”, qurumun bəyanatında bildirilib.

BQXK ötən günü yaydığı bəyanatında həmçinin Laçın dəhlizi boyu gördüyü işlərin yalnız humanitar xarakter daşıdığını vurğulayıb.

“600-dən artıq pasientin tibbi təxliyyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir”, bəyanatda deyilir.