İyulun 11-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, hərracda tələb 32,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Müşahidələr göstərir ki, bu göstərici keçən dəfəki hərracdan 2 dəfə çoxdur. Belə ki, iyulun 6-da keçirilən valyuta hərracında banklar 15.7 milyon dollar alış həyata keçirib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, valyuta hərracları formal xarakter daşıyır.
“Həftədə iki dəfə keçirilir. Əvvəlcədən nə qədər tələb olunduğu bilinir və banklar iştirak edir. Satan isə Mərkəzi Bankdır. Dövlət büdcəsindən manat şəklində pulları transfer etmək üçün Neft Fondundan ayrılan valyutanı hərraclar vasitəsilə manata çevirib dövlət büdcəsinə ötürməklə məşğuldur. Yəni bu formal xarakter daşıyır. Adı hərrac olsa da. Orada hərrac qaydaları işləmir. Zaman zaman tələbatın gah artdığını, gah da aşağı düşdüyünün şahidi oluruq”, o qeyd edib.
Your browser doesn’t support HTML5
Ekspertin sözlərinə görə, iyulun sonu avqust ayından başlayaraq tələbatın artıdığı görülür.
“ Bu məzuniyyət mövsümü ilə əlaqəlidir. Yəni insanların dollara olan tələbatı artır. Həm də məktəb mövsümü ilə əlaqəlidir. Çünki Azərbaycanda demək olar ki, təhsil sahəsində istifadə olunan geyimlərin böyük əksəriyyəti, məktəb ləvazimatları xaricdən gətirilir. Buna isə valyuta dollar lazımdır. Buna görə də biz yəqin ki iyulun sonundan başlayaraq avqustun ortalarına qədər bir neçə hərracda arda-arda dollara olan tələbatın artmasının şahidi olacayıq”, Cəfərli bildirib.
Natiq Cəfərli hərracda manatın ortaçəkili məzənnəsinin 1,7000 səviyyəsində formalaşına da münasibət bildirib.
Onun sözlərinə görə 2016-cı ildən bəri Azərbaycanda sabit məzənnə rejimidir və inzibati yolla tənzimlənir.
“Məzənnənin sabit qalmasının müsbət və mənfi tərəfləri də var. Ən ciddi mənfi tərəflərindən biri odur ki, məzənnə sabit olsa da, bu 7 ildir davam edir “, ekspert qeyd edib.
İqtisadçı hesab edir ki, bu məzənnənin sabit qalmasına baxmayaraq manatın alıcılıq qabiliyyəti düşüb.
“Məsələn, 2017-ci ildə 100 manatın alıcılıq qabiliyyəti və indiki alıcılıq qabiliyyəti arasında kəskin fərq var. Bu inflyasiya alıcılıq qabiliyyətinə çox ciddi mənfi təsir göstərib Azərbaycanda. Yəni digər mənfi cəhətlərindən biri də ondan ibarətdir ki, ətraf ölkələrdə məzənnə daha oynaq və bazar iqtisadiyyatı qaydalarına uyğun olduğuna görə və məsələn, Türkiyədə, Rusiyada həm rubl, həm lirə dəyərdən düşür və bu idxalı stimullaşdırır. Həmin ölkələrdən Azərbaycana idxalı stimullaşdırır, yerli istehsala, turizimə mənfi təsir göstərir. Əgər turizimi və yerli istehsalı inkişaf elətdirmək fikri varsa hökümətin o sahələrə mənfi təsir göstərir. Amma müsbət tərəfləri də odur ki, iş adamları önünü görə bilər. Məzənnə risklərindən sığırtalanmış olur", o bildirib.
Xatırlatma
2015-ci ilin fevralın 21-i və və dekabrın 21-də Azərbaycanda iki devalvasiya baş verdi, manat dollar qarşısında iki dəfədən çox dəyər itirdi. Onda problemli kreditlərin həcminin artdığı və 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. Lakin Azərbaycan Prezidenti 2019-cu il fevralın 3-də fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman vermiş və bundan sonra problemli kreditlər kəskin azalmağa başlamışdı.