Accessibility links

Fərid Mehralızadə: Son illərdə Azərbaycanda ərzaq inflyasiyasının yüksək olduğunu görürük


Fərid Mehralızadə -İqtisadçı
Fərid Mehralızadə -İqtisadçı

İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə müsahibəsində Azərbaycanın 2023-cü il dövlət büdcəsinə edilən dəyişikliklərin makroiqtisadi göstəricilərə təsirlərindən, o cümlədən ölkədə inflyasiyanın azaldılması istiqamətində atılmalı olan addımlardan danışıb.

Amerikanın Səsi: Milli Məclis Azərbaycanın 2023-cü il dövlət büdcəsinə dəyişiklik edib, büdcənin gəlir və xərclər hissəsi xeyli artıb. Bu dəyişikliklər ölkənin makroiqtisadi göstəricilərinə necə təsir edəcək?

Fərid Mehralızadə: Son illərdə Azərbaycanda dövlət büdcəsini qəbul etdikdən sonra ilin ortasında yenidən büdcədə düzəlişlər edilməsi bir növ adət halını alıb. Bunun əsas səbəbi ondan ibarətdir ki, hökümət xüsusilə devalvasiyadan sonra büdcə göstəricilərini hazırlayarkən daha ehtiyatlı bir strategiya seçir. Daha çox neftin qiymətini minimuma yaxın olması ehtimalı üzərində büdcə göstəricilərini hazırlayır. Bu il də il başlarkən Azərbaycan dövlət büdcəsində neftin bir barelinin orta satış qiyməti 50 dollardan hesablamışdır. Amma indiyə qədər Hesablama Palatasının hazırladığı rəqəmlərdən bəlli olur ki, dörd ay ərzində bu 90 dollara yaxın bir vəsaitdən söhbət gedir.

Ona görə də dövlət büdcəsinə gözləniləndən daha çox gəlir daxil olub. Bu səbəbdən də hökümət ilin ortasında büdcəni yenidən dəyişdi. Bu baxımdan dövlət büdcəsinin həm gəlirlərin, həm xərclərin təxminən 3 milyard manat artdığının şahidi oluruq. Bu artımın səbəbi heç də Azərbaycanın iqtisadiyyatının belə deyək, qeyri adi dərəcədə inkişaf etməsi yox, neft qiymətlərinin gözlənilənlərdən daha yüksək olması ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycanın makroiqtisadi göstəricilərinin formalaşmasına demək olar ki, hər zaman həlledici rolu oynayan amil enerji qiymətləri olubdur. Bu baxımdan əgər ilin sonuna qədər biz enerji qiymətlərində stabilliyi görsək, təbii ki, hökümətin büdcə öhdəliklərini yerinə yetirilməsi baxımından bir problemlə qarşılaşacağını görməyəcəyik. Amma makroiqtisadi göstəricilər baxımından bir məqam diqqəti çəkir ki, həm ixrac göstəriciləri, həm də ÜDM-un artımı ötən illə müqayisədə bir o qədər də yüksək deyil. Hətta iqtisadi artım bilirsiniz ki, bir faizdən belə aşağıdır ÜDM bu il. Bunun da əsas səbəbi ötən illə nəzərən neft qiymətlərinin gözləniləndən çox olsa da, 2022-ci illə müqayisədə nisbətən aşağı olması və neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Bu baxımdan mən hesab edirəm ki, ola bilsin ki, 2022-ci il ilə müqayisədə bizim makroiqtisadi göstəricilərimiz bir o qədər də yüksək artım tempini nümayiş etdirməsin. Amma bu qiymətlərlə hökümət ilin sonuna qədər öz büdcə öhdəliklərini yerinə yetirə biləcək.

Fərid Mehralızadə: Son illərdə Azərbaycanda qida inflyasiyasının yüksək olduğunu görürük
please wait

No media source currently available

0:00 0:06:29 0:00

Amerikanın Səsi: Büdcə xərclərinin artımı inflyasiyanın daha da yüksəlməsinə rəvac verə bilərmi? İnflyasiyanın cilovlanması üçün hansı qabaqlayıcı addımlar gərəklidir?

Fərid Mehralızadə: Artıq təxminən iki ilə yaxındır ki, Azərbaycanda ardıcıl olaraq iki rəqəmli inflyasiya qeydə alınır. Mərkəzi Bankın hədəfi adətən inflyasiya ilə bağlı odur ki, inflyasiyanı 2-6 faiz intervalında saxlasın. Amma görürük ki, hazırda inflyasiya göstəriciləri Mərkəzi Bankın hədəf diapozunundan iki dəfədən də çox yüksəkdir. Büdcə xərclərinin artımının inflyasiya təsirlərinə gəldikdə isə burada müxtəlif aspektlər var. Məsələn nəzərə almaq lazımdır ki, artırılan xərclər əsasən Qarabağda azad edilmiş ərazilərdə gedən yenidənqurulma işlərlə və təhlükəsizlik məsələləri ilə bağlıdır. Hərbi xərclər - burada hansısa silahların alınmasından söhbət gedir. Bu vəsait böyük ehtimal ölkə xaricinə gedəcək. Bu baxımdan ölkə daxilinə təsir etmə imkanları azdır. Qarabağda azad edilmiş ərazilərdə gedən yenidənqurulma işlər isə hesab edirəm ki, tikinti sahəsində canlanma yarada bilər. Bu, birbaşa olaraq xərc maddələrinin artırılmasının həmin ölkədə daxili inflyasiyaya bir o qədər də kəskin təsir edəcəyini düşünmürəm. amma başqa faktorlar var ki, bunlar inflyasiyaya kəskin təsir edə bilər. Azərbaycanda son illərdə qida inflyasiyasının yüksək olduğunu görürük. Təxminən 20 faizə yaxın bir inflyasiyadan söhbət gedir. Bu baxımdan, hazırda hökümətin inflyasiyanı cilovlaması ilə bağlı ata biləcəyi addımlar büdcədən daha çox vergi siyasəti ilə bağlı ola bilər. Məsələn ƏDV-dən azad edilmə, gömrük rüsumlarının bir müddət ən azı dayandırılması, bazarda rəqabət imkanlarının yaradılması ölkədə qiymətlərin səviyyəsinin normallaşdırılmasına daha çox təsir edə bilər.

Amerikanın Səsi: Büdcə xərclərinin artması əhalinin sosial durumuna necə təsir edəcək? Yeni iş yerlərinin artımını gözləmək olarmı?

Fərid Mehralızadə: Qeyd elədiyimiz kimi, büdcənin artırılan xərc istiqaməti demək olar ki, bunun tamamı iki istiqamətlə bağlıdır. Qarabağda yenidənqurma işləri və təhlükəsizlik məsələləri. Açığı bunun məşğulluğa bir o qədər də fayda verməsi və sosial vəziyyətdə kəskin müsbət təsir göstərməsi gözlənilməməlidir. Ola bilər ki, bu tikinti sektorunda müəyyən canlanma yaratsın. Xüsusilə tikinti materiallarının istehsalı , satışı və s sahədə. Amma bunun təsiri ölkə iqtisadiyyatında gəlirlərin artmasına və yaxud məşğulluğun artmasına bir o qdər kəskin təsir edəcək qədər olmayacaq. Çünki bu çox məhdud sahələrə yönəldildi. Daha fərqli sahələrdə də bu xərc artımları tətbiq edilsəydi, bəlkə də ölkədə makroiqtisadi göstəricilər , digər statistik göstəricilərin artımına daha çox təsir edə bilərdi. Dediyimiz kimi bu artıq vəsaitlərin çox məhdud sahələrə yönəldilməsi bu əlavə xərclərin bütün ölkədə məşğulluğa və gəlirlərə artımına təsirini məhdudlaşdırır.

Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında bildirib ki, aprel ayında inflyasiyanın səviyyəsi 12,8% olub.

"Bizi narahat edən inflyasiyadır. Aprel ayında inflyasiyanın səviyyəsi 12,8% olub. Burada əsas ərzaq qiymətlərinin artımıdır. Aprelin proqnozlarına görə ilin sonunda illik inflyasiya 8,3% olacaq. Yanvar ayının inflyasiya proqnozu isə 7,9 % olub" deyə o bildirib.

XS
SM
MD
LG