Accessibility links

Azərbaycan Mərkəzi Bankının sədri: Bizi narahat edən inflyasiyadır, aprel ayında inflyasiyanın səviyyəsi 12,8% olub


"Azərbaycan Mərkəzi Bankının (AMB) proqnozlarına görə 2023-cü ilin sonunda ÜDM artımı 1,8-2% civarında olacaq".

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

"Bizi narahat edən inflyasiyadır. Aprel ayında inflyasiyanın səviyyəsi 12,8% olub. Burada əsas ərzaq qiymətlərinin artımıdır. Aprelin proqnozlarına görə ilin sonunda illik inflyasiya 8,3% olacaq. Yanvar ayının inflyasiya proqnozu isə 7,9 % olub.

Bu ilin aprel ayında ölkənin strateji valyuta ehtiyatları 12% ataraq, 66 milyard ABŞ dollarına çatıb. AMB-nin də ehtiyatları 2,2% artaraq, 9,2 milyard ABŞ dollarına çatıb. Kredit portfelimiz 20 milyard ABŞ dollarına çatıb. Depozit bazamız 5% dən çox artıb. Apreldə kredit portfelinin keyfiyyəti 3,7%-ə düşüb. Kredit portfelinin dollarizasiya səviyyəsi tarixi minimuma enib, yəni 9,9%-ə enib", Kazımov bildirib.

İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda son 14 ildə ən yüksək inflyasiya qeydə alınıb

“Bir çox beynəlxalq təşkilatlar 2023-cü ildə də inflyasiyanın Mərkəzi Bankın hədəf diapozundan daha yüksək olacağını gözləyir. 2022-ci il qədər də yüksək deyil, bir qədər az, amma yenə də əvvəlki illərə nəzərən yüksək bir inflyasiyanın olması gözlənilir. Bəli, hökumət rəsmiləri tez-tez öz çıxışlarında bunun xarici amillərlə bağlı olduğunu bildirirlər. Bəli burada müəyyən qədər həqiqət payı var. Mən düşünürəm ki, Azərbaycanda həmçinin daxili amillər də təsir edə bilir. Bu amillərdən biri də budur ki, son bir-iki il ərzində ölkədə demək olar ki bütün kommunal xidmətlərin qiyməti artdı. Bu baxımdan bir çox məhsulun maya dəyərində artımlar baş verib. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qiymət artımları insanlarn xərclərini artırır və həmin insanlar da artan xərclərin kompensasiya etmək üçün məcburi şəkildə öz satdıqları məhsulların qiymətini artmaqda maraqlıdırlar. Digər vacib amil də mən düşünürəm ki, hökumətin qiymət artımları ilə mübarizə siyasətinin effektiv olmaması ilə bağlıdır. Çünki bir çox ölkələrin təcrübəsindən gördük ki, hökumətlər müəyyən gömrük və vergi rüsumlarını azaldılması kimi mexanizmlər tətbiq etdilər. Ancaq mən düşünürəm ki, Azərbaycan höküməti bu alətlərdən bir o qədər də geniş istifadə etmədi. Bu baxımdan qiymət artımların təsiri daha yüksək ola bilər", o bildirib.

XS
SM
MD
LG