İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
“Azərbaycanla ikitərəfli əlaqələri yüksək səviyyədə qiymətləndirən İran bu görüşə qatılacaq. Ölkəmizin xarici işlər naziri ilə azərbaycanlı həmkarı arasında görüş ikitərəfli əsasda keçiriləcək və əhəmiyyətli olan digər görüşlər də bu sammit çərçivəsində baş tutacaq”, o qeyd edib.
Rəsmi Bakı bununla bağlı hələ rəsmi açıqlama verməyib.
Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası 5-6 iyul tarixlərində Bakıda keçiriləcək.
Dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ildən başlayaraq Azərbaycan sədrlik edir.
İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.
Bu ilin martında Almaniyadan İrana səyahət edən Azərbaycan vətəndaşı Fərid Səfərli bu ölkədə casusluq ittihamı ilə həbs edilib.
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə iranlı nazirin Azərbaycana səfərini şərh edərək bildirib ki, iki nazir arasında olacaq görüş ilk təmas deyil. Onun sözlərinə görə İran tərəfi son zamanlar bir sıra istiqamətdə Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyən kimi görünməyə çalışır.
Your browser doesn’t support HTML5
"Amma indiyə qədər Rəsmi Tehran Rəsmi Bakının onun qarşısında qaldırdığı tələblərə şərtlərə əməl etməyib və bu şərtlərdən bəhs belə eləmir. Bu məsələ açıqdır. Onlar Azərbaycanın diplomatik missiyalarına, binalarına, əməkdaşlarına münasibətdir”.
O qeyd edib ki, indiyədək İran hakimiyyəti Azərbaycanın İrandakı səfirliyinə edilən hücumla bağlı məsələlərdə heç birinə cavab verməyib və bu məsələni hələ də məişət hadisəsi kimi təqdim etməkdədir.
“Odur ki, Abdullahianla Bayramov arasında ehtimal olunan danışıqlarda da bu çərçivədən kənara çıxarılası ehtimalı azdır . Bu görüş irəli sürülən şərtlərin İran tərəfinin hər hansı bir formada cavab vermədən alınacağı münasibətlərin normallaşacağı ehtimalı azdır”, Sədrəddin Soltan qeyd edib.