İyunun 27-də Bakıda Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrlə bağlı İşçi Qrupunun təşkil etdiyi ictimai müzakirə keçirilib. İşçi qrupunun həmtəsisçisi Afiəddin Məmmədov bildirib ki, ictimai dinləmələrin məqsədi Söyüdlü sakinlərinə məsələnin gündəmdə olduğunu, onlara hüquqi dəstək göstərməyə çalışdıqlarını çatdırmaqdır.
"Həmçinin cəmiyyət bilməlidir ki, məsələ bitməyib, Söyüdlü hələ də polis tərəfindən blokadadadır, sakinlərə hədə-qorxu gəlinir və bunun nəticəsində onlar ünsiyyətdən çəkinirlər. Onlara hüquqi yardım göstərmək vacibdir", o deyib.
Söyüdlü İşçi Qrupu iyunun 21-də yaradılıb və onun məqsədi hadisələr zamanı saxlanılanlara və həbs olunanlara hüquqi yardım göstərməkdir.
Müzakirələrin iştirakçıları bildirib ki, kənd blokadada olduğu üçün oraya getmək və vəziyyətin monitorinqini aparmaq, həbs olunanların sayı ilə bağlı məlumat almaq mümkünsüzdür.
"Sakinlərə hüquqi yardım göstərmək çətinləşib, kənddə yaşamayanlar üçün giriş bağlıdır və hətta kənd sakinləri üçün çıxış da demək olar ki, qadağan olunub. Onlar nə apellyasiya şikayətini verə bilir, nə də hüquqi yardım ala bilir" - deyə, Məmmədov bildirib.
Dinləmələrdə iştirak edənlər vəziyyətdən çıxış yollarını və gələcəkdə bu cür hadisələr baş verərsə, onlara operativ reaksiyanın necə olmasını da müzakirə edib.
İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. Bir etirazçı isə 1500 manat cərimə olunub.