İyunun 23-də Qazaxıstanın baş naziri Əlixan Smailov Tbilisiyə səfəri zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşündə Qazaxıstan və Gürcüstan arasında əməkdaşlıqda tranzit və nəqliyyat sektorunun əsas rolunu qeyd edib.
Bu barədə Qazaxıstan Hökumətinin rəsmi internet saytı məlumat yayıb.
“Qazaxıstan və Gürcüstan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz-red) inkişafı çərçivəsində fəal əməkdaşlıq edirlər. Biz regionun nəqliyyat əlaqələrinin artırılmasında və tranzit şəraitinin ardıcıl olaraq yaxşılaşdırılmasında maraqlıyıq. Bu planlarda biz şübhəsiz ki, Gürcüstanın tranzit və nəqliyyat potensialını nəzərə alırıq”, Smailov vurğulayıb.
İrakli Qaribaşvili bildirib ki, Gürcüstan və Qazaxıstan Orta Dəhlizi birlikdə inkişaf etdirir.
“Biz uzunmüddətli perspektivləri reallaşdırmaq üçün yaxın illərdə fəal işləməyə hazır olmalıyıq”, Qaribaşvili bildirib.
Danışıqlar zamanı Qazaxıstan və Gürcüstan hökumət başçıları qarşılıqlı ticarətin artırılması, nəqliyyat infrastrukturunun inkişafı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə vahid logistik operatorun yaradılması, eləcə də yük axınının rəqəmsallaşdırılması imkanlarını müzakirə edilib.
Səfər çərçivəsində “Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyəti və “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyəti arasında birgə müəssisənin yaradılması və fəaliyyətin əsas prinsipləri haqqında üçtərəfli Saziş imzalanıb. Bir gün əvvəl Bakıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bu sənəd imzalanıb.
Bundan əlavə, Qazaxıstanın Energetika Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında Batumi neft terminalında əməkdaşlığın gələcək inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Qazaxıstan, Azərbaycan və Gürcüstan tərəfindən vahid logistika şirkəti yaradılır. O, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzvə vahid tarif siyasəti, yüklərin idarə edilməsi və nəqliyyat proseslərinin sadələşdirilməsi məsələləri ilə məşğul olacaq. Şirkətin fəaliyyəti nəticəsində marşrut üzrə Çindən Avropaya və geriyə yüklərin keçid müddətini 10-15 günə endirəcəyi gözlənilir.
Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə maraq artıb. Bu dəhliz vasitəsi ilə yükdaşımaların həcmi sürətlə artmaqdadır.
Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.
Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.