İyunun 22-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə yaradılmış komissiya Söyüdlü kəndində olub.
Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, komissiya kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçədə və ətraf ərazilərdə monitorinqlər aparıb.
Muxtar Babayev kənd sakinlərinin olduğu bildirilən auditoriya qarşısındakı çıxışı zamanı deyib ki, komissiya ərazidə xüsusi avadanlıqlarla ölçmələr aparıb.
"Bu avadanlıqlarla həm torpaq, həm hava, həm də su nümunələrinin analizi aparılıb. Sizin qaldırdığınız təhlükələrlə bağlı ilkin məlumatları deyim. Biz xüsusi cihazlarla orada və kəndin ətrafında atmosfer havası ilə bağlı ölçmələr apardıq. Orada qorxuducu amillər yoxdur. Texniki qazların parametrləri norma çərçivəsindədir. Əsas sizi narahat edən sianidin buxarlanması çərçivəsində olan tərkib havada yoxdur. Ona görə də xahiş edirəm, bunu rahat qəbul edin. O sizi həyəcanlandırmasın. Çıxışlarınızdan görürəm ki, o sizdə qorxu yaradır. O anbar artıq 11 ildir fəaliyyətdədir", komissiyanın sədri qeyd edib.
Nazir deyib ki, şikayətlərin bir anda ortaya çıxması çox böyük suallar yaradır. O, istehsalat sahəsi yaxınlığındakı kəndlərdə maarifləndirmənin çox önəmli olduğunu deyib.
"Maarifləndirmə səviyyəsi çox aşağı səviyyədədir. Hesab edirəm ki, burada istehsalatçılar əhali ilə çox əlaqədə olmalıdır. Onlar gördükləri işləri təbliğ etməlidirlər", nazir bildirib.
Kənd sakinləri Amerikanın Səsinə deyib ki, Söyüdlü kəndinin bütün giriş yollarında polis postları qurulub, kəndə giriş məhdudlaşıdırılıb. Bu səbəbdən müstəqil jurnalistlər komissiyanın monitorinqini izləyə bilməyib.
"Kənd camaatının sözünü deyən aktiv insanlar da komissiya üzvləri ilə görüşə buraxılmadı. Nazir Babayev isə kəndin içinə gəlib əhali ilə baş-başa söhbət aparmadı, şikayətləri dinləmədi. Bizim narazılığımız ikinci gölün qurulmasınadır. Söyüdlü Gədəbəyin ən böyük kəndlərindəndir. İkinci göl qurularsa kənd camaatının əsas dolanışığını təmin edən örüş sahələri əlimizdən alınacaq. Bizə dolanışıq üçün imkan qalmayacaq. Biz ikinci gölün qurulmasını istəmirik”, sakinlər Amerikanın Səsinə deyib.
APA agentliyi bildirir ki, komissiyanın sədri Babayev sakinlərə deyib ki ikinci gölün yaradılması nəzərdə tutulmur. O, mövcud istehsalat sahəsinin isə fəaliyyətinin araşdırılacağı, hər hansı zərər varsa, onu minimuma endirmək üçün tədbirlər görüləcəyini bildirib.
Bildirilib ki, yaradılan monitorinq qrupu kənd ərazisindəki müəssisənin fəaliyyətini araşdıracaq, ekologiyaya və ətraf mühitə təsiri müəyyən olunacaq, müəssisənin kənd əhalisinə qarşı sosial məsuliyyətinin artırılması istiqamətində addımlar atılacaq.
Qeyd olunub ki, həm süni gölün özündən, həm də ətrafında yerləşən təbii su mənbələrindən nümunələr götürüləcək. Kəndlilərin həyətyanı sahəsində məhsuldarlığın aşağı düşməsi şikayəti ilə bağlı torpaq nümunələri də analiz olunacaq. Sakinlərin kənddə onkoloji xəstəliklərin artması barədə şikayətinə isə komissiyanın üzvü, səhiyyə nazirinin müavini ölkə üzrə və son 10 ildə Gədəbəy rayonu üzrə olan statistikanı təqdim edərək, ciddi nəzərə çarpacaq artım müşahidə olunmadığı qeyd edib.
Sakinlərin müəssisə tərəfindən havaya zəhərli maddələrin buraxıldığı barədə iddialarına cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, sözügedən müəssisədə havaya hansısa tullantıların buraxılması ilə müşayiət olunan proses həyat keçirilmir.
Görüşdə o da vurğulanıb ki, aksiyaya cəhd zamanı saxlanan kənd sakinlərinin azad edilməsi üçün məsələyə baxılması ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq.
Sonda Muxtar Babayev bildirib ki, aparılan monitorinqlərin nəticəsi olaraq hesabatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq, nəticə barədə ictimaiyyətə və kənd sakinlərinə məlumat veriləcək.
İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. 1 etirazçı isə 1500 manat cərimə olunub.
İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb.
Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.
"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.
"Anglo Asian Mining" şirkəti 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.
"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.