"Biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik".
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel iyunun 22-də ənənəvi brifinqdə Turan agentliyinin sualına cavabında deyib.
"Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməyə davam etdikcə, biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Gərginlik yaradan addımlar, şübhəsiz ki, indi Ermənistan və Azərbaycan arasında danışıqlar müxtəlif məkanlarda aparıldığı üçün səmərəsizdir", o deyib.
Rusiyanın bu prosesdəki rolu ilə bağlı suala gəlincə, Patel deyib ki, əgər Moskva prosesdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bu, alqışlanır.
Əgər Rusiya bu məsələdə konstruktiv rol oynaya biləcəyinə inanırsa, təbii ki, bunu etməkdə azaddır. Biz danışıqların irəlilədiyinə inanırıq. Birləşmiş Ştatlar burada mühüm tərəfdaş kimi çıxış edir və dövlət katibi şəxsən bununla məşğul olub", Vedant Patel qeyd edib.
Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.
ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olub.
Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.
Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb.
İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, danışıqlar çox məhsuldar keçib və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq olub.
Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırır.
İyunun 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Moskvada üçtərəfli İşçi Qrupunun iclası keçirilib.
Rusiya Baş nazirinin müavini görüşün yekunları ilə bağlı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.
"Xüsusilə, Yeraşx (Arazdəyən)-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub", o qeyd edib.