Azərbaycan neft və qaz satışından 11,5 milyard dollardan çox xalis gəlir əldə edib

Azərbaycan Dövlət Neft Fondunun binası (Rəsmi foto)

2022-ci ildə Azərbaycan karbohidrogenlərin satışından 19 milyard 698,9 milyon manat və yaxud 11 milyard 587,6 milyon ABŞ dolları xalis gəlir əldə edib.

Bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatında bildirilir.

Sənədə əsasən, bu Fondun 2022-ci il üzrə təsdiq edilmiş büdcə göstəricisinə nisbətən 4 milyard 705,5 milyon manat və yaxud 31,8 % çoxdur.

Hesabat ilində bir sıra yataqlar üzrə hasilat proqnozu tam yerinə yetirilməsə də, xam neftin satış qiymətinin proqnozlaşdırılmış qiymətdən yüksək olması nəticəsində Fondun bu mənbə üzrə daxilolmaları proqnoz məbləğini üstələyib.

Belə ki, 2022-ci ilin büdcəsində xam neftin satış qiyməti 70 ABŞ dolları proqnozlaşdırıldığı halda il ərzində bir barelin ortaçəkili qiyməti 101,1 ABŞ dolları təşkil edib.

Bu səbəbdən 2022-ci ildə mənfəət neftinin və qazın satışından yataqlar üzrə cəmi gəlirlər 11 milyard 587,6 milyon ABŞ dolları və ya 19 milyard 698,9 milyon manat təşkil edib, o cümlədən “Azəri-Çıraq-Günəşli” yatağı üzrə-9 milyard 888,8 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə kondensatın satışından-328,6 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə qazın satışından-1 milyard 114,4 milyon ABŞ dolları təşkil edib.

Həmçinin digər yataqlar üzrə 91,4 milyon ABŞ dolları, razılaşma protokolu üzrə-164,4 milyon ABŞ dolları gəlir əldə olunub.

Bununla yanaşı hesabatda deyilir ki, 2022-ci ildə neft və təbii qazın Azərbaycan ərazisi ilə nəqlindən əldə edilən gəlirlər (tranzit haqqı) 4,2 milyon ABŞ dolları və yaxud 7,2 milyon manat təşkil edib. Bu əvvəlki illərə nisbətən 66,9 faiz azdır.

Sənədə əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21,8 milyon manat) nisbətən 14,6 milyon manat və yaxud 66,9 faiz az icra olunub, habelə 2021-ci ilə nisbətən (21,4 milyon manat) bu gəlir maddəsinin icrasında 14,2 milyon manat və yaxud 8,3 milyon ABŞ dolları azalma qeydə alınıb.

2022-ci ildə isə proqnozlaşdırılan neft nəqli 30,9 milyon barel olsa da, hesabat ilində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə faktiki olaraq 7,2 milyon barel neft nəql edilib.

Ekspertlər hesab edir ki, neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə daxil olan məbləğin kəskin azalmasının səbəbi Ukraynadakı vəziyyət və Qara dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər nəticəsində Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) üzrə daşınmaların dayandırılması olub.

2023-cü ilin 1 aprel tarixinə olan məlumata görə Azərbaycan Dövlət Neft Fonudun aktivləri 53 milyard 437,6 milyon ABŞ dolları təşkil edib.