REAL Partiyası qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib

İlqar Məmmədov

"İyunun 12-də də Respublikaçı Alternativ-REAL Partiyasının Siyasi Komitəsi üzvlərin reyestrini təsdiq edərək onu Ədliyyə nazirliyinə göndərib".

Bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə iyunun 12-də partiya üzvlərinin 5118 nəfərlik siyahısı nazirliyə təqdim edilib.

“Siyasi Partiyalar haqqında” yeni qanuna əsasən 30 gün ərzində, yəni iyulun 12-dək nazirlik bizə cavab verəcək”, o qeyd edib.

Bir müddət əvvəl Amerikanın Səsinə müsahibəsində İlqar Məmmədov partiyanın qeydiyyatının yeniləcəyini bildirib. Məmmədovun fikrincə, bu yeni qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir.

“Hər halda biz çalışacağıq ki, yaxın aylarda yeni qanunun tələblərinə uyğun olaraq qeydiyyatımızı təzələyək. Ondan sonra isə qanunun dəyişdirilməsi üçün fəaliyyət quracağıq”, Məmmədov qeyd edib.

Xatırlatma

Prezident İlham Əliyev “Siyasi Partiyalar haqqında” yeni qanunu imzalayıb. Qanunun mətni bu il yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib.

Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

“Siyasi Partiyalar haqqında” qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.

Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməz.