İsrail Knessetinin komitə sədri Azərbaycan Prezidentinin köməkçisi ilə görüşüb

Hikmət Hacıyev və Yuli Edelşteyn (Mənbə: Israil səfirliyi)

İyunun 6-da Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Knessetinin Xarici İşlər və Müdafiə Komitəsinin sədri Yuli Edelşteyn və Knesset üzvü Ram Ben Baralla görüşüb.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Twitter səhifəsində bildirib.

Corc Dik görüşün səmimi və məhsuldar keçdiyini, ikitərəfli və regional məsələlərin müzakirə edildiyini vurğulayıb.

Azərbaycanda səfərdə olan xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti iyunun 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Görüşlərdə Azərbaycan və İsrail arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə mövzusu olub.

İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin nümayəndə heyəti Azərbaycana səfəri Azərbaycan-İran münasibətlərinin gərgin olduğu dövrə təsadüf edir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani iyunun 5-də İsrail prezidentini İranla Azərbaycan arasında münasibətləri pozmaq cəhdində ittiham edib.

"Azərbaycan xalqı azərbaycanlı qardaşlarına qucaq açan sivil və islam ölkəsi olan İrandan deyil, sinonist rejimdən qorxmalıdır", o Twitter hesabında yazıb.