Avropa Şurası Parlament Assambleyasının (AŞPA) LGBTI şəxslərinin hüquqları üzrə baş məruzəçisi Kristof Lakrua Azərbaycanda LGBTI şəxsləri və onların hüquqlarını müdafiə edən fəalların polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı xəbərlərdən dərin narahatlıq ifadə edib.
“Keçən həftənin əvvəlində bir neçə trans qadının polisin onlara qarşı davranışına etiraz etdiyi üçün saxlanıldığı, ertəsi gün isə onların azadlığa buraxılmasını tələb edən LGBTI fəalların da saxlandığı, pis rəftar edildiyi, alçaldıldığı və cərimələndiyi bildirilir. Bu xəbərlər və bu şəxslərin bəzilərinin məcburi tibbi müayinələrə məruz qoyulması ilə bağlı iddialar dərin narahatlıq doğurur”, bəyanatda qeyd edilir.
Belçikalı deputat Azərbaycanda oxşar halların ilk dəfə baş vermədiyini vurğulayaraq, Azərbaycan hakimiyyətini məsələ ilə bağlı araşdırma aparmağa çağırıb.
“Heç kim cinsi oriyentasiyasına, cinsi kimliyinə, ifadəsinə və ya cinsi xüsusiyyətlərinə görə hədəf alınmamalıdır. Xüsusilə, hüquq-mühafizə orqanları bu cür təcrübələrlə məşğul olmaq əvəzinə, insan hüquqlarını hər kəs üçün təmin etməli və qorumalıdır. İlk dəfə deyil ki, Azərbaycanda polis tərəfindən LGBTI şəxslərə və fəallara qarşı təzyiq və pis rəftar barədə məlumat alırıq və Assambleya artıq hakimiyyət orqanlarını LGBTI şəxslərin qanunsuz həbsi hallarını araşdırmağa, onlara qarşı polis zorakılığının qarşısını almağa və bununla mübarizə aparmağa çağırıb. Mən bir daha Azərbaycan hakimiyyətini bu təcrübələrə dərhal son qoymağa və bu halların hər biri ilə bağlı tam, səmərəli və müstəqil araşdırma aparmağa çağırıram”, AŞPA məruzəçisi əlavə edib.
Mayın 23-də LGBTI fəalları bir neçə gün əvvəl saxlanılmış trans qadınların həbsinə etiraz olaraq 37-ci polis bölməsinin önünə toplaşıblar. Transgenderlərin azad edilməsini tələb edən fəallardan Əli Məlikov, Cavid Nəbiyev və başqa bir neçə nəfər şöbənin qarşısında saxlanılıb.
SEE ALSO: Trans qadınların həbsinə etiraz edən LGBTIQ+ fəallar cərimə edilərək sərbəst buraxılıblarAzərbaycan Daxili İşlər Nazirliyi fəalların məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə barələrində xırda xuliqanlıq maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərildiyini deyib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Cavid Nəbiyev 300 manat, Əli Məlikov isə 70 manat məbləğində cərimə edilərək məhkəmədən sərbəst buraxılıblar.
Fəallar Cavid Nəbiyev və Əli Məlikov sərbəst buraxıldıqdan sonra verdikləri açıqlamalarda polis nəzarətində olarkən pis rəftara, təzyiq və təhqirlərə məruz qaldıqlarını bildiriblər. “Yoldaşlarım, icmam hələ də Azərbaycan polisinin əsarətindədir. Bəli, bu bir həqiqətdir ki, Azərbaycan polisi mənə, bizə, icmama xüsusi nifrət bəsləyir”, Cavid Nəbiyev qeyd edib.