Mayın 23-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev və Pakistan Quru Qoşunlarının komandanı Asim Munir hərbi əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə edib.
Görüş İslamabadda, Vəliyevin Pakistana rəsmi səfəri çərçivəsində baş tutub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi,terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə edib.
Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olduğu bildirilir. İki ölkənin yüksək siyasi və hərbi rəhbərləri tez-tez qarşılıqlı səfərlər edir. Pakistan daim birmənalı olaraq Azərbaycanın ərazi büttövlüyünü dəstəkləyib.