Accessibility links

İlham Əliyev: Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir


İlham Əliyev və Şahbaz Şərif (Foto president.az saytınındır)
İlham Əliyev və Şahbaz Şərif (Foto president.az saytınındır)

“Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.”

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşündə bildirib.

Hər iki ölkənin rəhbəri Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Özbəkistanda səfərdədir.

Dövlət başçısı Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda çox sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Pakistanın Baş naziri son hərbi qarşıdurma zamanı həlak olan hərbçilərlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Baş nazir Şahbaz Şərif Pakistanda baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən daşqınlar zamanı Prezident İlham Əliyevin göstərdiyi mənəvi, maddi və dostluq dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.

"Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik," Baş nazir qeyd edib.

Söhbət zamanı iki ölkə arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.

XS
SM
MD
LG