Almaniyanın paytaxtı Berlində "Unter Der Linden" meydanında 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib.
Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak ediblər. Onlar "Azadlıq, Ədalət, Milli Hökumət!", "Azadlıq!", "Məhv olsun raşist!", "Azərbaycan oyaqdır, millətinə dayaqdır!", "Güney Azərbaycan İran deyil!" və başqa şüarlar səsləndirib. Etirazçılar əllərində müxtəlif şüarlarla yanaşı Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.
Bu barədə Güney Azərbaycanın Səsi teleqram kanalı məlumat yayıb.
2006-cı il mayın 12-də İran hakimiyyəti "İran" rəsmi qəzetində bu ölkədə yaşayan milyonlarla Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə İran Azərbaycanında kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar. Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiyə, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib.
Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində azı 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Hər il azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində bu tarixi gündə - Birinci Xordad hadisələri adlandırılan nümayişlər zamanı həlak olanların xatirəsini yad edir.