İranda kütləvi etirazlar fonunda Təbrizdə həbs edilən bir neçə etirazçının məhkəmə iclası keçirilib

İnqilab Məhkəməsi

İranda baş tutan ümümmilli etirazlar fonunda Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində həbs edilən bir neçə etirazçının məhkəmə iclası keçirilib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, son günlərdə Təbrizin İnqilab Məhkəməsində ən az 8 etirazçının məhkəmə iclası keçirilib.

İnsan haqları fəalları məhkəmə iclası keçirilən etirazçı məhbusların adlarını açıqlayıb. Tovhid Dərvişi, Pejman İslami, Əmir Əhmədiyan, Bağır Taci, Mehdi Fənayi, Əlirza Şirdel, Ənuş Adəmi və Ümid Abdullahbeyginin adı açıqlansa da, bəzi mənbələr Təbrizdə mühakimə olunan etirazçıların sayının daha da çox ola biləcəyini təxmin edir.

Azərbaycan İnsan Haqları Təşkilatının (AHRO) yaydığı məlumata görə, adı çəkilən bu vətəndaşların işinə Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Davud Həmləbərin baxıb. Bu etirazçılara qarşı məhkəmə tərəfindən irəli sürülən əsas ittihamın "Allaha qarşı müharibə" olduğu bildirilib. Bu isə insan haqları fəallarının narahatlığına səbəb olub. Həmin ittihamdan günahkar tanınan bir çox müxalif İranda edam cəzasına məhkum edilib.

Adları qeyd edilən şəxslərə bundan əvvəl Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci istintaq şöbəsi tərəfindən muharibə ittihamına görə məhkəməyə çağırış vərəqəsi verilib.

Yayılan məlumata görə, həmin etirazçılar həbs edildikdən sonra İslam İnqilabı Keşikçilər Korpusunun kəşfiyyat qurumunun təcridxanasında saxlanılıb və ağır işgəncələr altında dindirilib. Bundan əlavə bildirilir ki, bu şəxslər təyin edilmiş vəkilə müraciət etmək hüququndan məhrum edilib və onların işi üzrə ədalətli məhkəmə aparılmayıb.

Sentyabr ayının 16-da Tehran şəhərində Məhsa Əmini adlı qızın məcburi hicab qaydalarına əməl etmədiyi üçün həbs edilməsi ardından polis qüvvələrinin zorakılığı nəticəsində həyatını itirməsindən sonra ölkədə baş tutan etirazlar ərəfəsində Təbriz şəhərində çox sayda vətəndaş həbs edilib.