Evin Həbsxanası Prokurorluğunun Hökmlərin İcrası şöbəsi Əlirza Fərşini çağıraraq, İranın Xuzistan vilayətinin Bağməlik şəhərinə sürgün edilməsi hökmünün icra ediləcəyini bildirib.
Bu barədə türk dil haqları müdafiəçisi Əlirza Fərşi şəxsi İnstagram səhifəsində məlumat verib.
Mayın 15-də o, Evin həbsxanası məhkəməsinin hökmlərin icarsı şöbəsinə müraciət edib və məhkəmə səlahiyyətliləri ondan yaxın günlərdə özünü Bağməlik şəhərinin prokurorluğuna təqdim etməsini istəyib.
Əlirza Fərşi Evin həbsxanasında ədliyyə səlahiyyətlisi ilə söhbətinin bir hissəsini dərc edib. O, İranın cənub-şərqində yerləşən Xuzistan vilayətinin şəhərlərindən birində iki illik sürgün cəzasının icrasına etiraz edib.
SEE ALSO: Türk dil haqları müdafiəçisi Əlirza Fərşi məhkəməyə çağırılıbFərşi son illərdə işsiz olduğunu, həbsdə olduğu illərdə isə qənaətlərini xərclədiyini, hazırda isə bir neçə il həbs və işsizlikdən sonra yad yerdə kirayə ev tutmağa imkanı olmadığını bildirib. O, sürgün ediləcəyi şəhərdə yaşayabiləcəyi bir yerin verilməsini istəsə də, məhkəmə bununla razılaşmayıb.
Güneyli fəalın İnstagram səhifəsində qeyd etdiyinə görə, məhkəmə köməkçisi onun tələbinin qarşısında "Get Allaha şükür elə ki, heç olmasa azadsan!" - deyə, o cavab verib.
Azərbaycanlı milli fəal Əlirza Fərşi 3 ildən artıq həbsdən sonra fevralın 8-də Evin həbsxanasından azad edilib.
Türk ictimai fəal Əlirza Fərşi Şərif Texnologiya Universitetində kompüter elmləri sahəsində təhsil alıb və Tehran sakindir. O, dəfələrlə İran Azərbaycanında türk dilinin hüquqları üzrə apardığı dinc fəaliyyətinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, işgəncələrə məruz qalıb və məhkəmə tərəfindən uzun müddətli həbs cəzalarına məhkum edilib.