16-17 may tarixlərində İslandiyanın paytaxtı Reykyavik şəhərində Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti baş tutacaq. Sammit üzv dövlətlərin Avropa Şurasının demokratiya, insan hüquqları, qanunun aliliyi kimi əsas dəyərlərinə, o cümlədən Avropa Məhkəməsi qərarlarının icrasına sadiqliklərini təsdiqləmək məqsədi ilə təşkil edilir.
Rəsmilərin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində Avropada dəyişən təhlükəsizlik nizamı, Avropa məkanında və dünyada demokratiya və insan haqları sahəsində mövcud geriləmə Avropa Şurası tarixində sayca dördüncü olan sammitin çağırılmasına zərurət yaradıb. Avropa Şurası liderləri sammit ərəfəsindəki çıxışlarında Ukraynada davam edən müharibəyə cavab olaraq təcili tədbirlər görülməsinə çağırıb, beynəlxalq humanitar hüququn və insan hüquqlarının kobud şəkildə pozulması hallarının araşdırılması və mühakimə olunmasının vacibliyini vurğulayıblar.
AŞPA bu ilin yanvar ayında qəbul etdiyi qətnaməsində Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində və törədilən müharibə cinayətlərində məsul olan şəxslərin mühakiməsi üçün beynəlxalq cinayət tribunalının yaradılmasını tələb edib.
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) funksionallığının, malliyə resurslarının artırılması, o cümlədən məhkəmə qərarlarının üzv dövlətlər tərəfindən icrasının təkmilləşdirilməsi də sammitin əsas müzakirə mövzularından olacaq.
Bu mövzuda Amerikanın Səsinə danışan AŞPA prezidenti Tini Koks qeyd edib ki, AİHM qərarlarının üzv dövlətlər tərəfindən icrasına nail olunması Avropa Şurasının qarşılaşdığı əsas problemdir.
"Məhkəmənin qəbul etdiyi qərarların keyfiyyətinə dair sual olmasa da, qərarların qəbulu üçün tələb olunan vaxt narahatlıq doğurur. Bu məsələ qarşıdan gələn sammitdə müzakirə olunacaq, çünki gecikən ədalət, bir baxımdan ədalətin inkar olunmasıdır. Bununla belə, ən kritik problem hökmlərin icrasındadır. Düzdür, əksər hökmlər bəzən çətinliklə və ya məyusluqla da olsa icra olunur. Ancaq sayı daha az olsa da, olduqca mühüm olan Məhkəmə hökmləri var ki, onlar ya icra edilmir, ya da lazımi qaydada icra olunmur", Tini Koks qeyd edib.
Tini Koks xatırladıb ki, Avropa Şurası tarixində bu günədək yalnız bir dəfə Konvensiyanın 46-cı maddəsi olan "Qərarların məcburi qüvvəsi və icrası" ilə bağlı prosedur başladılıb.
"Yalnız bir dəfə Azərbaycanla bağlı Konvensiya üzrə prosedura başladılıb və xəbərdarlıq edilib ki, İlqar Məmmədovun işi ilə bağlı qərar icra edilməsə, bunun pis nəticələri olacaq. Azərbaycan sonda buna əməl etdi. Hazırda Türkiyə ilə Osman Kavalanın azadlığa buraxılması ilə bağlı oxşar prosedur aparılır. Lakin ümumilikdə icra prosesi bizim arzularımıza uyğun gəlmir. Mayın 17-də Reykyavikdə keçiriləcək sammit bu məsələni müzakirə etmək imkanı verəcək və biz ciddi nəticələrə əldə etmək üçün fəal şəkildə işləyirik. Ümid edirik ki, ölkə liderləri məhkəmə sisteminin mühüm rolunu bir daha təsdiq edəcək və hökmlərin icrasını təmin etmək öhdəliyi götürəcəklər", AŞPA Prezidenti bildirib.
Sammitdə müzakirə olunacaq məsələlərdən biri də Avropa Şurasına üzv ölkələrdə vətəndaş cəmiyyətinin üzləşdiyi problemlər, son illərdə vətəndaş cəmiyyətinin fəaliyyət məkanın daralması ilə bağlıdır. Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanov Azərbaycanda vətəndaş cəmiyyətinin qarşılaşdığı əsas problemlər kimi mövcud məhdudlaşdırıcı qanunvericiliyi, hökumətin vətəndaş cəmiyyətinə tərəfdaş kimi deyil, siyasi rəqib və ya düşmən kimi yanaşmasını, həmçinin ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün mühitin olmamasını nəzərə çatdırır.
Your browser doesn’t support HTML5
Avropa Şurası rəsmilərinə görə, Reykyavik Sammitinin məqsədi üzv dövlətlərə Avropa Şurasının dəyərlərinə və standartlarına sadiqliklərini bir daha təsdiqləmək imkanı verməkdir. Müzakirələr əsas dəyərlərin gücləndirilməsi, insan hüquqlarının inkişafı və AİHM qərarlarının icrasının təkmilləşdirilməsi ətrafında gedəcək. Qurumun məlumatına görə, sammitdə Avropa Şurasına üzv olan bütün dövlətlərin liderlərinin, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevin iştirakı gözlənilir.
Rəsmi Bakı Prezident Əliyevin sammitdə iştirakı ilə bağlı hələ məlumat yaymayıb.