Bakıda "KEKALOVE Adaptive Fashion Show" keçirilib

Mayın 11-də Bakıda Almaniya səfirinin iqamətgahında fiziki məhdudiyyətli insanlar üçün xüsusi moda nümayişi – "KEKALOVE Adaptive Fashion Show" keçirilib.

Moda nümayişi Almaniya və Fransanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə baş tutub.

Bu tədbir moda yaradıcılığına həsr olunub və fiziki məhdudiyyəti olan insanlar üçün daha inklüziv cəmiyyətin yaradılmasına təşviq etmək məqsədi daşıyır.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman açılış mərasimində deyib ki, bu şounun ölkələr arasında dostluq sazişinin (Yelisey müqaviləsi) imzalanmasının ildönümündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman

"Əlilliyi olan şəxslərin sosial həyatda başqaları ilə bərabər şəkildə təmsil olunması üçün inklüziv moda nümayişlərinin keçirilməsi vacibdir", səfir qeyd edib.

Öz növbəsində Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib ki, bu, ilhamverici, çox innovativ layihədir və Fransa üçün çox vacibdir.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon

Səfir qeyd edib ki, Almaniya və Fransa hökumətləri əlilliyi olan insanların təhsilə, iş imkanlarına, idmana, mədəniyyətə və asudə vaxta imkan əldə etmələrini təmin etmək üçün, onların ehtiyaclarını qarşılamaq öhdəliyinə sadiqdir.

"Bu öhdəlik, istər Almaniyada, istər Fransada, istər Avropada, istərsə də Azərbaycanda, şəhər və iş mühitimizi uyğunlaşdırmaq üçün xüsusi tədbirləri əhatə edir", o bildirib.

"Kekalove Adaptive Fashion" fiziki məhdudiyyətli insanlar üçün Azərbaycan geyim brendidir. Brendin təsisçiləri tələbə Məhəmməd Kekalov və dizayner Rəşidə Əliyevadır.

"Kekalove Adaptive Fashion" 2019-cu ilin aprel ayından fəaliyyətə başlayıb. Bu müddət ərzində komanda əsasən geyimlərin və prototiplərin hazırlanması prosesi ilə məşğul olub. Adaptiv geyimlərin başlıca özəlliyi bu geyimlərin funksional olmasıdır.

"Kekalove Adaptive Fashion"-un qurucusu Məhəmməd Kekalov deyir ki, geyimlərin onu geyinən müxtəlif fiziki məhdudiyyətli şəxslərin həyatına rahatlıq gətirməsi onların əsas məqsədidir. Komandada hazırda iki dizayner çalışır. Onların ideyaları əngəlli şəxslər tərəfindən təcrübə edilmədən kolleksiyaya daxil olunmur. Dizaynlar isə əngəlin tipinə və xarakterinə görə dəyişir. Dizaynerlərin fikrinə görə, hazırlanan geyimlər rahat olmalı, tez başa gəlməli və yorucu olmamalıdır. Geyimlərin yeni moda trendlərinə uyğun olmasına xüsusi diqqət yetirilir.