Accessibility links

Feministlər “Formula-1” yarışları zamanı şəhər istifadəsinin məhdudlaşdırılmasına etiraz ediblər


Feministlər Bakının mərkəzi küçələrində "Formula 1"ə etiraz olaraq "Bizimdir hürr küçələr" şüarları yazıblar (30 aprel, 2023)
Feministlər Bakının mərkəzi küçələrində "Formula 1"ə etiraz olaraq "Bizimdir hürr küçələr" şüarları yazıblar (30 aprel, 2023)

Aprelin 30-da feministlər Bakıda keçirilən “Formula-1” yarışları zamanı şəhər istifadəsinin məhdudlaşdırılmasına, xüsusilə həssas qrupların gediş-gəlişinin çətinləşməsinə etiraz ediblər.

Fəallar şəhərin mərkəzi küçələrinə boya ilə “Bizimdir hürr küçələr” yazıblar. Feminist fəal Gülnara Mehdiyeva Amerikanın Səsinə bildirib ki, küçələr vətəndaşlara məxsusdur, ona görə də bu etirazı etmək qərarına gəliblər:

“Hesab edirik ki, “Formula 1” yarışlarının keçirilməsi insan ləyaqətinin alçaldılmasıdır. Çünki yarışlar şəhərin mərkəzində keçirilir və həssas qruplar bundan əziyyət çəkir. Xüsusilə də uşaq arabası ilə gəzən qadınlar, yaşlı insanlar, əlil arabası ilə gəzən insanlar üçün ciddi məhdudiyyətlər yaradır. Küçələr bizə məxsusdur, hansısa elit təbəqənin şəxsi zövqünə məxsus deyil və onların zövqü üçün bizim hərəkət azadlığımız məhdudlaşdırılmalı deyil”.

Azərbaycan "Formula 1" yarışlarına 2016-cı ildən ev sahibliyi edir. Yeddinci dəfə Bakıda təşkil olunan Qran-pri 2023-cü ildə aprelin 28-30-da baş tutub.

"Formula 1" Azərbaycan Qran-prisinin təşkilatçıları ilə müqaviləni daha 3 il uzatdıqlarını bildirib. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir ki, Qran-pri 2026-cı ilədək keçiriləcək.

Yarışın həm Azərbaycanda, həm də dünyada çox sayda izləyicisi olmasına baxmayaraq, Bakı sakinlərinin "Formula 1"-in şəhər mərkəzində keçirilməsi ilə bağlı fikirləri birmənalı deyil. Sakinlər düşünür ki, yarışın mərkəzdə keçirilməsi onların hərəkət azadlığını məhdudlaşdırır. Hökumət isə “Formula 1”-in dövlət üçün vacib olduğunu deyir.

XS
SM
MD
LG