Mayın 11-də Azərbaycan Fransanın "Total Energies" şirkəti ilə "Abşeron" qaz yatağından hasilatın başlanılması məsələlərini müzakirə edib. Müqavilə öhdəliyinə görə, Total şirkəti 2018-ci ilin sonlarında yataqdan qaz hasilatına başlamalı idi.
Belə ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin "Total Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı ilə görüşündə "Abşeron" qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub.
Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Total Energies" arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Nikolas Terraz "Total Energies" şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq, ölkədəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirib.
Məlumatda deyilir ki, söhbət zamanı ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə bərpaolunan enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.
"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizimdə "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yataığıdır.
"Abşeron" yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanıb. O vaxt görülən işlər nəticə verməyib və 2005-ci ildə kontrakta xitam verilib. Ancaq 2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə ikinci kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında Fransanın "Total" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.
Your browser doesn’t support HTML5
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Avropa İttifaqı ölkələrinin qaz təchizatına böyük ehtiyac duyduğu hazırkı dövrdə qaz yatağının işlənməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir.
"2017-ci ildən indiyədək "Total"ın rəhbərliyi ilə artıq 4 dəfə görüş keçirilib. "Total"ın rəhbərləri hər dəfə "Abşeron" yatağından hasilatın bu gün-sabah başlanacağına vəd verib, ancaq hələ bir nəticə yoxdur. Azərbaycan tərəfi bu vədlərə bir-iki dəfə dözə bilər. Azərbaycan prezidenti də bir qədər əvvəl bu il "Abşeron" yatağından qaz halsilatını gözlədiklərini açıqlayıb. Amma əminliklə hasilatın hökmən olacağını bildirməyib. Bugünkü görüşdə "Total" şirkətinə müqavilə öhdəliyindən keçən 12 il müddətində yataqdan qaz haslilatının başlanmaması barədə irad bildirilib-bildirilməməsi barədə məlumatsızam. Paradoksal hal yaranıb. Türkiyədə qaz yatağının açılması ilə hasilat arasında cəmi 32 ay zaman gərək oldu. Amma "Abşeron" yatağından 12 ildir qaz hasil etmək mümkün olmur. Maraqlı cəhəti odur ki, "Total" hələ "Abşeron"un mürəkkəb strukturunu işləmir. Onun ilkin strukturunu işləyəcək ki, orada cəmi 1,5 milyard kubmetr qaz var. Həm də o platforma "Neft Daşları"nın ərazisində qurulub. Burada nə terminal, nə də sualtı infrastruktur yaradılmayacaq. Hasil edilən qaz sadəcə "Neft Daşları"nda SOCAR-a təhvil veriləcək. Təsəvvür edin ki, çox sadə bir işdir, kapital qoyuluşu da bir milyard dollar belə deyil", ekspert qeyd edib.
İlham Şabanın sözlərinə görə, "Abşeron" yatağının işlənmə proqramına görə 2018-ci ilin sonlarında bu yataqdan qaz hasil edilməli idi. 5 il sonra, 2023-cü ildə isə onun ikinci mərhələsi işlənməli idi.
"2015-ci ildə SOCAR "Total" şirkəti ilə kommersiya şərtlərini razılaşdırıb. "Total" şirkəti kommersiya şərtlərini pozubsa və ya ondan kənara çıxıbsa SOCAR onun kənarlaşdırılması və ya təzminat alınması ilə bağlı məsələ qaldıra bilər", Neft Araşdırmaları Mərkəzinin rəhbəri Amerikanın Səsinə deyib.