Accessibility links

Azərbaycan qaz kəməri və neft emalı zavodu ilə bağlı müqavilələr imzalayıb


TANAP
TANAP

Türkiyə baş naziri TANAP-ın Avropa ilə də güclü münasibətlər yaradacağına inanır

Mayın 30-da Azərbaycan neft və qaz sahəsində bir neçə müqaviləyə imza atıb.

Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Türkiyənin Dövlət Boru Kəməri Şirkəti (BOTAŞ) bu gün İstanbulda ARDNŞ-nin Trans-Anadolu qaz kəməri (TANAP) layihəsindəki 10 faizlik iştirak payının alqı-satqısı haqqında müqavilə imzalayıb.

Trend agentliyinin məlumatına görə, müqaviləni BOTAŞ-ın rəhbəri Mehmet Konuk və ARDNŞ-nin prezidenti, TANAP İdarə heyətinin sədri Rövnəq Abdullayev imzalayıblar.

Bundan başqa, tərəflər TANAP üzrə qaz nəqli ilə bağlı müqavilə imzalayıb.

Öz növbəsində, Azərbaycanın energetika naziri Natiq Əliyev və onun türkiyəli həmkarı Taner Yıldız TANAP layihəsi üzrə anlaşma memorandumunu imzalayıb.

Alqı-satqı haqqında müqvilə BOTAŞ-a layihədə payını 20-dən 30 faizədək artırmağa imkan verəcək.

Bununla yanaşı "SOCAR Energy Turkey" şirkəti Türkiyədə yeni "Star" neft emalı zavodunun tikintisi layihəsi çərçivəsində 23 maliyyə institutu ilə ümumi dəyəri 3,29 milayrd dollar olan müqavilə imzalayıb.

Agentlik bildirir ki, kredit portfelinin ümumi həcmindən 2,69 milyard dollar 18 il müddətinə (güzəşt dövrü 4 ildir), yerdə qalan 600 milyon dollar isə güzəşt dövrü 4 il olmaqla 15 illik müddətə ayrılıb.

Məlumatda layihənin maliyyələşdirilməsində iştirak edən bankların adları açıqlanmır.

TPAO və "Total Azerbaijan" şirkətləri də bu gün İstanbulda Fransanın "Total" şirkətinin Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi layihəsindəki 10 faizlik iştirak payının alqı-satqısı haqqında müqavilə imzalayıb.

Müqaviləni TPAO-nun və "Total Azerbaijan"ın rəhbərləri Besim Şişman və Kristian Qudicelli imzalayıb.

Müqaviləyə əsasən, Türkiyənin TPAO şirkətinin layihədəki iştirak payı 19 faizədək artırılacaq.

Müqavilələrin imzalanma mərasimində çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, bu gün TANAP layihəsinin həyata keçirilməsi istiqamətində mühüm bir addımın atılmasına şahidlik edirik. "Biz TANAP layihəsini sadəcə ticarət, sərmayə kimi dəyərləndirmirik. TANAP-ın Türkiyə və Azərbaycan arasında olduğu qədər, Avropa ölkələri ilə də uzunmüddətli, güclü və sağlam münasibətlər yaradacaq bir layihə olacağına inanırıq".

Onun sözlərinə görə, TANAP gələcəyə yönəlmiş bir layihədir. "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunacaq təbii qazın 6 milyard kubmetri Türkiyəyə satılacaq. Bu yataqdan tədarük olunan təbii qazın 10 milyard kubmetrinin Türkiyə üzərindən TANAP vasitəsilə Avropaya nəqli planlaşdırılır. Sonrakı mərhələlərdə isə Xəzər dənizinin Azərbaycan hissəsində olan digər yataqlardan əldə olunan təbii qaz resurlarının da bu boru xəttinə yönləndirilməsi nəzərdə tutulur", baş nazir qeyd edib.
XS
SM
MD
LG