Türk dil haqları müdafiəçisi Əlirza Fərşi məhkəməyə çağırılıb

Əlirza Fərşi

Türk dil hüquqları müdafiəçisi Əlirza Fərşi Xuzistan vilayətinin Bağməlik şəhərinə sürgün qərarının icrası üçün Evin Prokurorluğunun Hökmlərin İcrası bölməsinin 1-ci şöbəsinə çağırılıb.

Bu barədə Əlirza Fərşi İnstagram səhifəsində məlumat verib. Evin Prokurorluğu tərəfindən Əlirza Fərşi ilə telefon əlaqəsi saxlayan səlahiyyətli gələn həftə Xuzistan vilayətinə sürgün hökmünün icrasına dair məhkəmənin qərar verməsi üzrə məhkəməyə müraciət etməsini istəyib.

Güneyli siyasi fəal Əlirza Fərşinin ümumi əfv sərəncamı çərçivəsində fevralın 8-də Evin həbsxanasından vaxtından əvvəl azadlığa buraxılmasından sonra onun Xuzistan vilayətinin ucqar rayonlarından birində ikiillik sürgün cəzasının qüvvədə qaldığı bildirilmişdi.

Şərif Texnologiya Universitetinin kompüter mühəndisliyi ixtisasında, habelə Tehran Universitetinin həmin ixtisasda magistr məzunu olan Fərşi Əslən Şərqi Azərbaycan vilayətində yerləşən Mərənd şəhərindəndir. Yazıçı, ictimai fəal və türk dil haqları fəalı olan Əlirza Fərşi İranda uzun müddətdən bəri apardığı dinc fəaliyyətlərindən dolayı dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Güneyli fəal fəaliyyətlərinə görə Culfa Beynəlxalq Universiteti və Sirac Ali Təhsil İnstitutunda müəllimlikdən uzaqlaşdırılıb.