İranın Ərak həbsxanasında saxlanılan iki vicdan məhbusu edam edilib

İranın Ərak şəhərinin həbsxanasında saxlanılan və İslam dinində müqəddəslərə təhqir etməklə suçlanan iki vicdan məhbusu edam edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, mayın 8-də Ərak şəhər həbsxanasında saxlanılan və İslam dininin müqəddəslərini təhqir etmək ittihamı ilə günahkar tanınan Yusif Mehrdad və Seyyid Sədrullah Fazeli Zare adlı iki məhbusun edam hökmü icra olunub.

İranın Ali Məhkəməsinin bu iki vətəndaşın ölüm hökmünü qüvvədə saxladığı bildirilmişdi.

Əslən İran Azərbaycanının Ərdəbil şəhərindən olan Yusif Mehrdad “Səb ən-Nəbi" və “dini və İslami müqəddəsləri təhqir etmək” ittihamlarından suçlanaraq edam cəzasına məhkum edilmişdi.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Yusif Mehrdad üç azyaşlı uşaq atası, Sədrullah Fazeli Zare isə yaşlı anasının himayəçisi idi.

Yusif Mehrad və Seyyid Sədrullah Fazeli Zare həbs edildikdən sonra 2 ay kəşfiyyat idarəsinin xüsusi bölməsində dindiriliblər. Bu iki məhbus edam edilmədən bir neçə gün əvvəl Ərak həbsxanasının təkadamlıq kamerasına köçürülüb və bir gün sonra ümumi bölməyə qaytarılmışdılar.

Edam olunan iki vicdan məhbusu ilə eyni dosyeyə görə daha 5 nəfərin də təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir. Həmin məhbuslar Telegram kanalında İslam dini ilə əlaqədar etdikləri paylaşımlara təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər.

Həbs olunan 5 nəfəri Ərak İnqilab Məhkəməsinin 1-ci şöbəsi “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qruplaşmalar yaratmaq və onlara üzv olmaq” ittihamı ilə günahkar tanıyaraq, hər birini 8 il həbs cəzasına məhkum edib. Onların hökmü daha sonra 8 ildən 6 il həbsə endirilib.

İran İslam Respublikasının Cinayət Məcəlləsinin 513-cü maddəsinə görə, İslamın müqəddəsləri və ya hər hansı peyğəmbəri təhqir edən hər kəs həbs və ya edam cəzası ilə üzləşə bilər.