Azərbaycan və ABŞ genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda satışı barədə razılıq əldə edib

Azərkosmos (Rəsmi foto)

Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” ABŞ-ın “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqavilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərkosmos” və “SpaceX” şirkəti arasında keçirilən görüşdə imzalanıb.

Müqaviləyə əsasən, “Azərkosmos” və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.

“Azərkosmos” tərəfindən Azərbaycanda artıq uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə, kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən istifadə oluna bilər”, məlumatda qeyd edilir.

“Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, Azərbaycan “SpaceX” şirkəti kimi qlobal səviyyəli texnologiya bələdçisi ilə birgə fəaliyyət göstərməkdən məmnundur.

“Starlink” internet xidmətlərinin tərəfdaşı olaraq ənənəvi və çox vaxt məhdud telekommunikasiya infrastrukturlarının yaratdığı maneələri aradan qaldırmaqla dənizdə və quruda qabaqcıl peyk texnologiyası xidmətlərimizi genişləndirəcəyik”, o qeyd edib.

Görüşdə “SpaceX” şirkətinin prezidenti və baş əməliyyat direktoru Qven Şotvel qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan və “SpaceX” arasında kosmik sahənin davamlı inkişafı istiqamətində mühüm addımdır.

Qvin Şotvelin sözlərinə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ABŞ-nin “SpaceX” şirkətinin “Starlink” genişzolaqlı peyk internet xidmətini korporativ sektorda və dəniz nəqliyyatında dəstəkləyəcək.

O bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanın fərdi vətəndaşlarının da internetlə təmin edilməsini həyata keçirə bilər.

“Starlink”i regiona gətirmək üçün ilk öncə “Azərkosmos” bu internet xidmətlərini korporativ və dəniz nəqliyyatı sahələrində dəstəkləyəcək. “Starlink” bölgəyə çatdırılması çətin olan, çətin olmaqla yanaşı, çox bahalı bağlantını gətirəcək. Beləliklə, indi ölkədə hər kəs çox yüksək sürətli internetə çıxış əldə edə bilər və biz bunu Azərbaycan xalqına çatdırmağı səbirsizliklə gözləyirik”, o qeyd edib.

Qven Şotvel Bakıda oktyabrın 2-6-da keçiriləcək Beynəlxalq Astronavtika Konqresini qlobal müstəvidə önəmli bir təşəbbüs kimi qiymətləndirib və “SpaceX” şirkətinin Bakı Konqresində iştirak edəcəyini bildirib.

“SpaceX” şirkəti “Starlink” peyk şəbəkəsi ilə Yer kürəsinin hər bir nöqtəsini peyk interneti ilə təmin etməyi hədəfləyir. Şirkət peyklərin orbitə buraxılmasına 2018-ci ildən başlayıb və indiyədək 4000-dən çox peyk orbitə buraxıb. ABŞ-da istehsal olunan bu kiçikölçülü peyklərin çəkisi 230-260 kiloqramdır və istismar müddətinin 7 il olması ehtimal olunur. “Starlink” peyk şəbəkəsinə məxsus peyklər aşağı orbit sayılan Yer səthindən 540-570 kilometr hündürlüyə qaldırılır.