Mayın 3-də Dünya Mətbuat Azadlığı Günü ilə bağlı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalkonun bir qrup jurnalistlə görüşü olub.
O, Avropa İttifaqı məkanında insan hüquqlarının formalaşdırılmasında mətbuatın və azadlığın rolunun danılmaz olduğunu və bu dəyərlərin müasir cəmiyyətin ayrımaz tərkib hissəsi olduğunu deyib.
"İttifaqın xarici siyasət rəhbəri Jozep Borrel də bu yaxınlarda səsləndirdiyi bəyanatında insanların fikir azadlığına hər hansı müdaxilənin yolverilməz oıduğunu bildirdi. İnsanlar müxtəlif mənbələr vasitəsilə infromasiyalara çıxış əldə etməlidirlər. Bu baxımdan medianın rolu çox vacibdir, çünki onlar faktları çatdırırlar. Eyni zamanda, müəyyən ideyaların formalaşdırılması üçün məkan təmin edir və debat mühiti yaradırlar. Medianın ən vacib rolu odur ki, çox mürəkkəb məsələləri insanların və cəmiyyətin əksəriyyətinin başa düşəcəyi dildə izah edə bilsinlər", o bildirib.
Bundan əlavə Peter Mixalko görüşdə Avropa İttifaqının Azərbaycanla münasibətlərində hər il inkişaf olduğunu qeyd edib.
"İqtisadiyyat, energetika, ticarət və digər sektorlarda bu, nəzərəçarpacaq dərəcədə inkişaf edir. Avropa İttifaqı Azərbaycanda islahatları ən çox dəstəkləyən donor qurumdur. Biz Azərbaycanda modern standartları tətbiq etmək üçün bütün səylərimizi göstəririk. Təbii ki, qanunun aliliyi və medianın azadlığı da burada böyük rol oynayır. Təbii ki, biz Venesiya Komissiyasının yeni media haqqında qanunla bağlı tövsiyələrini hökumətin və tərəfdaşlıq etdiyimiz qurumların diqqətinə çatdırırıq. Çalışacağıq ki, həm qanunvericilikdə, həm də standartlarda bütün tövsiyyələr öz əksini tapsın" , səfir qeyd edib.
Diplomatın sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşıdır:
"Ticarət dövriyyəsi 2021-ci illə müqayisədə ötən il 2 dəfə artıb. Bu əməkdaşlığın daha da artmasına hər iki tərəfdən böyük maraq var. Bu il kənd yerlərinə internetin çəkilməsi üçün 5 min avro vəsait ayrılıb. Eyni zamanda, 13 minə yaxın kiçik və orta sahibkara dəstəyimiz olub, nəticədə 2 mindən artıq iş yeri yaradılıb" , səfir qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqı ərazilərdən minaların təmizlənməsi ilə bağlı ən böyük donor təşkilatdır. "Azərbaycanda da bu dəstəyi göstərməkdə davam edəcəyik", Mixalko fikrini tamamlayıb.
Daha sonra Peter Mixalko jurnalistlərin suallarını cavablandırıb.
O, Azərbaycanda bir sıra saytların bloklanması məsələsi ilə bağlı suala belə cavab verib: "Mətbuat azadlığı bizim Azərbaycan höküməti ilə apardığımız danışıqların, dialoqun bir hissəsini təşkil edir".
Diplomat Media İnkişafı Agentliyi və müxtəlif dövlət qurumlarında olduğunu və media azadlığı ilə bağlı məsələlərin qaldırıldığını deyib.
"Təbii ki, biz bu sahədə proqresin olmasını istəyirik. Dəfələrlə vurğuladığım kimi mətbuat azadlığı müasir cəmiyyətin ən əsas elementlərindən biridir. Bununla bağlı mötəbər beynəlxalq təşkilatların rəyləri də bütün bu qeyd etdiklərimi vurğulayır" , o deyib.
Diplomat Avropa Şurasının Venesiya Komissiyasının Azərbaycanda "Media haqqında" qanuna mənfi rəy bildirməsi və Avropa İttifaqının bu sahədə Azərbaycan höküməti ilə hansı dialoqun aparması ilə bağlı Amerikanın Səsininin sualına cavabda bildirib ki, Media İnkişafı Agentliyi və digər qurumlarla görüşlərdə Venesiya Komissiyası və digər mötəbər qurumların qeyd etdiyi tövsiyələri onların nəzərinə çatdırılıb.
"Venesiya Komisiyasının müxtəlif tövsiyələri və müxtəlif məqamlar var. Hansılar ki, siz qeyd etdiniz. Bununla bağlı Media İnkişafı Agentliyi və digər qurumlarla bizim bir neçə görüşlərimiz olub. Biz o görüşlərdə Venesiya Komissiyası və digər mötəbər qurumların qeyd etdiyi tövsiyələri onların nəzərinə çatdırmışıq. Qanunvericilikdə hansı məhdudiyyətlər var onları aydın şəkildə nəzərlərinə çatdırmışıq. Onlardan xahiş edib öyrənmişik ki, görək Azərbaycan qurumları hansı dəyişkilikləri edə bilərlər. Bir daha vurğulamaq istəyirəm ki, ümumiyyətlə mətbuat azadlığı heç cür məhdudiyyətə məruz qalmamalıdır" , o bildirib.
Dezinformasiya ilə bağlı Amerikanın Səsinin sualına gəldikdə isə Mixalko qeyd edib ki, Avropa İttifaqı olaraq dezinformasiyaya qarşı mübarizə aparılır.
"Bu, Avropa İttifaqının əsas diqqət mərkəzində olan məsələlədən biridir. Biz özümüz Avropa İttifaqı olaraq dezinformasiya hücumlarına məruz qalırıq. Bundan başqa Avropa İttifaqından kənarda da bizim tərəfdaş ölkələrimiz bununla bağlı hədəf olurlar. Bu sahədə bizim müxtəlif proqramlarımız və dəstəyimiz var ki, bununla mübarizə ilə bağlı fəaliyyət göstəririk. Biz həmişə qeyd edirik ki, jurnalistika, media, sivil cəmiyyət üçün bütün bunlar olmamalıdır. Biz elə mühit yaratmalıyıq ki, jurnalistlər sərbəst fəaliyyət göstərsinlər. Onlar heç bir şeydən asılı olmasınlar. Müstəqil olsunlar. Onların informasiyaya çıxışı olsun. Eyni zamanda əldə etdikləri informasiyalar düzgün olsun", o deyib.