Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.
Bu barədə Azərbaycanın NATO yanındakı missiyasının Twitter səhifəsində deyilir.
Görüş zamanı onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Ekspertlər hesab edir ki, NATO-Azərbaycan əməkdaşlığına qlobal, regional və lokal səviyyədə baxmaq lazımdır. Onların fikrincə ki, Azərbaycan həm hərbi təhlükəsizlik, logistika baxımından, həm də Avropanın enerji təhlükəsizliyi baxımından NATO üçün maraqlıdır.
Azərbaycan ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb.
4 may 1994-cü ildə Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) Proqramına qoşulub.
Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.