Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində Azərbaycan-İsrail münasibətlərinin perspektivlərindən danışıb.
Amerikanın Səsi: Son vaxtlar Azərbaycan və İsrail arasında münasibətlərdə fəallıq müşahidə olunur. Azərbaycan xarici işlər nazirinin mart ayında İsrailə səfər etməsindən və orada Azərbaycan səfirliyinin açılmasından sonra İsrail dövlətinin xarici işlər naziri Bakıya səfər etdi. Bu hadisələrdən sonra ikitərəfli əlaqələrdə hansı yeniliklərin gözlənilməsi mümkündür?
Seymur Həzi: Əvvəla deyim ki, Azərbaycan və İsrail münasibətlərinin növbəti mərhələyə qədəm qoyması təqdirəlayiq hadisədir. Hesab edirəm ki, bu günə qədər bu münasibətlərin ləngiməsi (söhbət Azərbaycanın İsraildə səfirliyin açılmasından gedir-red) doğru addım deyildi. Biz bunu dəfələrlə tənqid etmişdik. Burada iki ölkənin münasibətlərinin formalaşmasında üçüncü ölkənin, hansısa neqativ mövqeyini nəzərə almaq doğru sayılmırdı. Mən burada konkret olaraq İranı nəzərdə tuturam. İranın Azərbaycan-İsrail münasibətlərinə olan tənqidinin Azərbaycan höküməti tərəfindən nəzərə alınması bizim tərəfimizdən qəbul olunan hal deyil. Amma hazırkı nöqtədə bu səfirliyin açılması mənə elə gəlir ki, müsbət hadisədir. Azərbaycanın müstəqil ölkə kimi öz müttəfiqlərini seçmək hüququna hörmətdir.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Azərbaycan-İsrail münasibətlərində fəallıq İran tərəfindən kəskin etirazlarla qarşılanır. Tehranın Azərbaycana qarşı irad və iddiaları əsaslıdırmı? İran Azərbaycan-İsrail münasibətlərində irəliləyişlərin qarşısını ala bilərmi?
Seymur Həzi: İran höküməti ideoloji hökümətdir. İran dövləti dini klerikal sistemdir. Bu sistem özünün konservativ baxışlarına görə, qonşularını da vadar etmək istəyir ki, onun siyasətinə uyğun davransın. Bu qəbul edilən deyil. Azərbaycan Respublikası müstəqil dövlətdir. Azərbaycan höküməti zaman-zaman bu cür məsələləri nəzərə almaqla səhvə yol verib. Çünki İran özlüyündə Azərbaycanla dost olmayan ölkələrlə sıx əlaqələr saxlamağa üstünlük verir. Azərbaycan heç bir dövlətin xarici siyasətinə qarışmır. Heç kim də Azərbaycanın xarici siyasətinə qarışmaq hüququna malik deyil.
Amerikanın Səsi: Sizcə Azərbaycan İran tərəfindən hərbi təhdidlərlə üzləşərsə, İsrail və Qərb tərəfindən müdafiə oluna bilərmi?
Seymur Həzi: Azərbaycanın İran tərəfi ilə hər hansı hərbi təhdidlərlə üzləşmə riski azdır. Ancaq belə bir hadisə baş verərsə dövlət katibi Blinkinin açıqlamasında deyildiyi kimi Azərbaycanın sərhədlərini qorumaq vacibdir. İsrail və Azərbaycan arasında hərbi strateji müttəfiqlik var. Biz buna müəyyən mənada istinad edə bilərik. Düşünürəm ki, bu istiqamətdə Azərbaycana bir dəstək olacaq. Yenə deyirəm, mən bu riski az hesab edirəm. Həm də bütövlükdə düşünürəm ki, ölkələr çalışmalıdırlar ki, müharibə təhlükəsi minimuma ensin. Diplomatiya öz sözünü desin.
Amerikanın Səsi: Sizcə ikitərəfli əməkdaşlığın hansı sahələrdə inkişafı üçün daha çox potensial var?
Seymur Həzi: İsrail dövləti ilə münasibətlər ənənəvi münasibətlərdir. Çünki Azərbaycanda çox ciddi bir yəhudi icması var və burada yaşayırlar. İsraildə isə Azərbaycan yəhudilərindən ibarət dövlət aparatında, kənd təsərrüfatında, elm sahəsində çalışan insanlar var. Bu bir üzvü əlaqədir. Yəni quraşdırılmış bir əlaqə deyil. Heç bir əlavə təhdid, çağırış üzərində qurulmuş bir münasibət deyil. Düşünürəm ki, bu daimi bir münasibətdir. Bu baxımdan da Azərbaycanın burada üstünlükləri insan resursları üstünlükləridir, mədəni üstünlüklərdir. Azərbaycan dövləti də bu istiqamətdə höükmətlərdən aslı olmayaraq əlverişli şəraitdə elm, texnologiya, hətta dostlarını müəyyən etmək məsələlərini nəzərə almalıdır.
Amerikanın Səsi: Sizcə ikitərəfli əməkdaşlığın hansı sahələrdə inkişafı üçün daha çox potensial var?
Seymur Həzi: Bilirsiniz yaxın günlərdə Azərbaycana İsrail nümayəndə heyəti gəlmişdi. Bundan əvvəl də kibertəhlükəsizliklə bağlı çalışmalar var idi. Əlbəttə bu fəaliyyətlərin bəzi istiqamətlərdə hökümətin oppanentlərinə qarşı istifadə olunması istiqamətində tənqid olunur. Bununla belə mən buna dövlətlərarası münasibət kimi baxıram. Düşünürəm ki, texnoloji sahədə, innovativ sahələrdə, hərbi strateji məsələlərin müəyyən olunmasında Azərbaycan-İsrail münasibətləri daha bir mərhələyə qədəm qoymalıdır. Eyni zamanda İsrail çox ciddi kənd təsərrüfatı ölkəsidir. Bu su melorasiya işlərində, suyun idarə olunmasında İsrail ilə bizim əməkdaşlığmız güclənməlidir. Nəhayət bölgədə həm İsrail, həm Azərbaycan üçün müəyyən ortaq təhlükə əxz eləyən , beynəlxalq qurumlar tərəfindən yaxşı tanınmayan hərbi, strateji özbaşına dəstələr var. Onları idarə edən qüvvələr var. Bununla münasibətdə Azərbaycanın İsrail ilə ortaq fəaliyyəti mümkündür.