Tənqidi fikirlərindən sonra İnitzam komissiyası deputat Vahid Əhmədova töhmət verilməsi barədə qərar qəbul edib

Vahid Əhmədov (Arxiv foto. Mənbə: VOA)

Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədova töhmət verib. Bu barədə qərar komissiyanın aprelin 28-də keçirilən iclasında qəbul edilib.

Komissiyanın qərarı ilə bağlı deputat Vahid Əhmədovdan və İntizam komissiyasının üzvlərindən şərh almaq mümkün olmayıb. Əhmədov və komissiya üzvləri telefonlara cavab vermir, deputatların köməkçiləri isə məlumat vermək səlahiyyətində olmadıqlarını bildirir.

Deputat Vahid Əhmədovun bir neçə gün öncə Sancaq internet televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər aprelin 25-də Milli Məclisin plenar iclasında müzakirələrə yol açıb.

Milli Məclisin sədri Sahibə Qafarova deputatın məsələsinə Milli Məclisin İntizam komissiyasında baxılması barədə tapşırıq verib.

Jurnalist Mehman Hüseynovun Vahid Əhmədovla müsahibəsində ölkədə işsizlik, seçkilər, sosial məsələlər, pensiya, az gəlirlilik və digər məsələlər diqqət mərkəzində olub.

Vahid Əhmədov isə bildirib ki, müsahibəsində dövlətin mövqeyini müdafiə edib.

"Bu gün də dövlətin mövqeyini müdafiə edirəm. Bütün çıxışlarımda istər Milli Məclisdə, istər mətbuatda. Hamıya da aydındır ki, mən hansı mövqedə olmuşam. Burada Fəzail Ağamalı dedi ki, İntizam komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orada da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən dövlətimin, millətimin yanında olan bir insanam", o qeyd edib.

Öz növbəsində, jurnalist Mehman Hüseynov bildirib ki, deputat Vahid Əhmədovla müsahibədə xalqın problemlərindən, seçkilərdən, Milli Məclisdə oturub bizneslə məşğul olan oliqarx deputatlardan, reytinqi olan siyasi partiyalardan danışılıb.

"Milli Məclisin deputatlarını həqəqət niyə narahat edir? Düşüblər Vahid Əhmədovun üstünə. Bəzi deputatlar isə məni təhqir edib. Mənə maraqlıdır, sözün düzü niyə deputatları belə incidib? Ölkədə sözün düzünü demək bu qədər təhlükəlidir? Səbəb nədir? Deputatlar niyə bu qədər coşublar?", o Amerikanın Səsinə bildirib.