Accessibility links

Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri – islahat və ya müxalifəti hazırlıqsız qoymaq


Ekspert rəyləri və siyasi baxışlar

Milli Məclis parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətini yekdilliklə qəbul edib.

Milli Məclisisn sədri Oqtay Əsəsdov bildirib ki, həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşdirilməsini, parlamentin yeniləşməsini zəruri edib.

Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraqciət edib. Prezident isə parlamentin buraxılmasının konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirlməsini konstitusiyaya uğun sayıb.

Milli Məclisisn buraxılması və növbədənkənar parlament seçkiləri keçirilməsi siyasi qüvvələr və ictimaiyyət tətərfindən birmənalı qarşılanmayıb.

Fuad Ağayev
Fuad Ağayev

Fuad Ağayev: Sual olunur, Milli Məclis büdcəni təsdiq edəndə öz səlahiyyətlərini icra edirdi, ya yox?

Hüquqşünas Fuad Ağayev bildirir ki, Milli Məclisin müraciəti parlamentin buraxılması üçün əsas yarartmır.

Üçcə gün bundan əvvəl ölkənin əsas maliyyə sənədini – dövlət büdcəsini təsdiq edən, ombudsmanını seçən, nəhayət, Vergi Məcəlləsinə yüzdən çox düzəlişlər edən parlamentin deputatları deyirlər ki, MM öz səlahiyyətlərini artıq icra edə bilmir!
Fuad Ağayev, hüquqşunas


"Kim deyə bilər, Milli Məclis deputatlarının seçilməsi prosesi daha qanunidir, yoxsa MM-in bütövlükdə buraxılması ilə bağlı dövlət başçısına müraciət? Görün nə yazıblar: “...Öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalamamalı, fəaliyyətini yenidən qurmalıdır”. Üçcə gün bundan əvvəl ölkənin əsas maliyyə sənədini – dövlət büdcəsini təsdiq edən, ombudsmanını seçən, nəhayət, Vergi Məcəlləsinə yüzdən çox düzəlişlər edən parlamentin deputatları deyirlər ki, MM öz səlahiyyətlərini artıq icra edə bilmir! Sual olunur, büdcəni təsdiq edəndə və Vergi Məcəlləsini dəyişdirəndə, o öz səlahiyyətlərini icra edirdi, ya yox? Bu müraciəti qəbul edəndə, o öz səlahiyyətini icra edirdi, ya yox? MM-in fəaliyyətini aradan qaldırıla bilməyən səbəblər üzündən mümkün olmamasını təsdiq edən nə var? Bəlkə hansısa deputatların (parlamentin fəaliyyətini iflic halına salan sayda) statusuna xitam verilib? Bu suala müsbət cavab verilmədiyi təqdirdə, MM-in müraciəti hüquqi baxımdan tamamilə əhəmiyyətsizdir və onun buraxılması üçün hüquqi əsas yaratmır!" o qeyd edib.

Asim Mollazadə
Asim Mollazadə

Asim Mollazadə: Inkişaf yeni güc, yeni təfəkkür tələb edir

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü Azərbaycan parlamentinin ölkədə gedən islahatlara uyğunlaşması, ölkə parlamentinə inamın artırılması üçün çox önəmlidir. Parlamentdə həm nəsil dəyişikliyi olmalıdır, həm də qanunverici hakimiyyətə yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir.

Azərbaycan xalqı öz potensialını səfərbər edərək, hazırda mövcud olan çox ciddi təhlükələrlə mübarizə aparmaq üçün hazır olmalıdır.
Asim Mollazadə, Demokratik İslahatlar Partiyasının sədri


“Azərbaycan xalqı öz potensialını səfərbər edərək, hazırda mövcud olan çox ciddi təhlükələrlə mübarizə aparmaq üçün hazır olmalıdır. İndiyə qədər parlament qanunvericilik fəaliyyətində kifayət qədər uğurlar qazanıb. Azərbaycanın təhsil sisteminin islahatları üçün hüquqi bazanın qəbul olunmasını xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti digər sahələrdə də bu qəbildən olan çox mühüm qanunları qəbul edib. Lakin inkişaf yeni güc, yeni təfəkkür tələb edir,” o parlamentin buraxılması barədə qərarın çox düzgün olduğunu qeyd edib.

“Bizim partiya bu qərarı, islahatları dəstəkləyir, onların daha da dərin olmasını arzulayır. İslahatları dəstəkləməklə yanaşı, Azərbaycanın müasir, demokratik bir dövlət kimi güclənməsinin tərəfdarıdır. Ümidvarıq ki, hər bir dəyişiklik xalqımızın potensialını reallaşdırmaq üçün Azərbaycan dövlətinin gücünü artırmağa xidmət edəcək,” Asim Mollazadə əlavə edib.

Səfa Mirzəyev
Səfa Mirzəyev

Səfa Mirzəyev: Milli Məclisin buraxılmasını ən ağır yuxuda belə görmək mümkün deyil

Maraqlı nüanslardan biri də odur ki, bu il iyulun 29-da Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Report agentliyinə parlamentin buraxılmasının yuxuda görməyin belə mümkün olmadığını deyib.

Səhər yuxudan durdum Milli Məclis xoşuma gəlmədi buraxıram, elə şey ola bilməz.
Səfa Mirzəyev, Milli Məclis Aparatının rəhbəri


“Onlar (müxalifət-red.) cəmiyyətdə ajiotaj yaratmaq istəyirlər. Söz-söhbət gedir ki, Milli Məclis buraxılacaq, vaxtından əvvəl seçkilər keçiriləcək. Yəqin ki, orta məktəblərdə Azərbaycan Konstitusiyası tədris olunur. Onu oxusalar, biləcəklər ki, biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz. 2016-cı ildə referendum keçirtdik və Milli Məclisin buraxılma şərtləri konstitusiyada əksini tapıb. Səhər yuxudan durdum Milli Məclis xoşuma gəlmədi buraxıram, elə şey ola bilməz. Konstitusiyanın 98-1 maddəsində parlamentin buraxılması üçün 3 şərt nəzərdə tutulub. Birincisi, Milli Məclis il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərsə, ikincisi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bankın idarə heyətinin prezident tərəfindən təqdim olunmuş üzvlərini iki dəfə dalbadal təyin etməsə. O da o halda ki, təyin etməmək həmin orqanın davam etməsinə mane olur. Üçüncüsü isə Milli Məclis üzərinə düşən işi həyata keçirmir. Bu hallar olmasa, parlamenti buraxmaq mümkün deyil”. “Guya Yeni Azərbaycan Partiyası göstəriş versə ki, üzvləri iclasa gəlməsin, istefa ərizəsi yazaraq deputat səlahiyyətlərindən imtina etsinlər, onda parlament buraxıla bilər. Bunu ən ağır yuxuda belə görmək mümkün deyil. Ona görə də deyilənlərin heç bir əsası yoxdur. Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələri layiqincə yerinə yetirir,” Səfa Mirzəyev qeyd edib.

Qorxmaz Əsgərov
Qorxmaz Əsgərov

Qorxmaz Əsgərov: Qalır Azərbaycan demokratlarının xalqı oyatmağı

ABŞ-da yaşayan hüquq məsələləri üzrə ekspert Qorxmaz Əsgərov hesab edir ki, seşkilərin tezləşdirilməsi müxalifəti hazırlıqsız qoymağa hesablanıb.

Onun fikrincə, seçkilərdə əsas müxalifət qüvvələri iştirak etməlidir.

“Bunu etməmək İlham Əliyevin işini asanlaşdıracaq, 2015-dəki kimi, 2018-dəki kimi. Boykot irticanın əzib sıxışdırdığı mübariz azlığın silahı ola bilməz. Onsuz da Əliyev rejiminin oynadığı oyunun adı odur ki, bu ölkədə müxalifət yoxdur, hamı YAP-ın ətrafında sıx birləşib və s. Belə olan halda demək ki, “biz sizin seçki oyununuzda iştirak etmirik” onların işini rahat edir. Səsləri saxtalaşdırasıydılar, camaata yalan vədlər verəsiydilər, müxalifətlə bir neçə ay ictimai müzakirələrdə, bəlkə hətta küçələrdə döyüşəsiydilər. Amma boykotla, bir neçə nəfəri yalançı müxalifət təyin edib kiçik bir şou düzəldəcəklər, əllərini-qollarını sallaya-sallaya gedib oturacaqlar yeni tərkibli parlamentdə.

Tarixdə gerçək boykotun uğurlu nümunələri çox azdır və istisnasız olaraq bütün bu uğurlu boykotlarda boykot edən tərəf əzici siyasi, hətta hərbi üstünlüyə sahib olub elə ona görə də daha zəif tərəfə deyə bilib ki, sənin seçkilərində mən yoxam. Ortadakı deyilməyən, amma hamının başa düşdüyü mesaj da bu olub ki, “mən olmayan yerdə keçirdiyin seçki bir mənasız uşaq oyunudur, seçdiyini başına uçurdacağam”.

Ekspert hesab edir ki, Azərbaycandakı seçki mövsümlərinə bir dəyişiklik imkanı kimi də baxmaq olar.

“Belədə resursların azlığı-çoxluğu önəmli olmur. Bu seçki proseduru imkan verir ki, namizəd üçün imzatoplama mərhələsində hər bir kiçik qəsəbədə 3-4 aktivist, imkan varsa, lap elə namizədin özü qapı-qapı Azərbaycan seçicilərinə baş çəksinlər və meydanlara gəlməyən adamaların evlərinə bir siyasi meydan gətirsinlər. Quraşdırılmış qarşıdurmalar da olacaq, “narazı vətəndaşların” onlara imza toplamaq üçün gələn aktivistlərə hücum çəkmələri də olacaq. Amma bu bir imkandır, seçicilərlə görüşmək imkanı ki, normalda bu imkan müxalifətçələrə tanınmır hökumət tərəfindən.

Vacib deyil ki, seçkidə iştirak edən namizədin plakat və başqa təbliğat vasitələri hazırlamaga pulu olsun. Və utanılası heç nə yoxdur ki, belə bir seçkidə iştirak olsa, sabah müxalifətin ən hörmətli adamlarından birini bu rejim onun dairəsində hansısa bir yaramazın birinə uduzduracaq, özü də böyük bir səs fərqi ilə. Azərbaycandakı Əliyev seçkilərini elə həmin o rejimin nümayəndəsi Gülər Əhmədova gözəl ifadə etmişdi: “Nə etmək olar, seçilmək istəyən çoxdur, seçici isə bir dənədir”.

Boykot irticanın əzib sıxışdırdığı mübariz azlığın silahı ola bilməz. Onsuz da Əliyev rejiminin oynadığı oyunun adı odur ki, bu ölkədə müxalifət yoxdur, hamı YAP-ın ətrafında sıx birləşib.
Qorxmaz Əsgərov, hüquq məsələləri üzrə ekspert


Bu rəqəmlər, bu “seçkilərdə uduzmaq” qorxusu müxalifəti siyasi fəaliyyətdən çəkindirməməlidir. Əgər müxalifət “seçkilər seçki deyil, şoudur” deyib onda iştirakdan imtina etsə, bu ölkədə həmin bu seçki şouları qiyamət gününə kimi davam edəcək. Gərək rejimlə mübarizə aparan mübariz azlıq, siyasi mübarizıyə inanmayan/ona biganə olan/mübarizə aparanları lağa qoyan geniş xalq kütlələri ilə təmas qursun, onları oyatmağa çalışsın.

Parlament seçkiləri imkan verir ki, demokratik düşərgənin əsas siyasi partiyalarının hər biri 125 dairədə bir nəfəri namizəd elan edib, həmin adamın ətrafında qurulan kampaniya ilə xalqa səslənsin, resurslu-resursuz, plakatlı-plakatsız.

Namizədlərin qeydə alınma mərhələsində dairələr üzrə vahid namizəd məsələsi üzərində vaxt itirməyə ehtiyac yoxdur. Nə qədər çox demokrat namizəd kimi qeydə alınsa, bir o qədər dəfə xalqla təmas qurmaq imkanları artacaq.

Ondan da çəkinmək lazım deyil ki, belə də İlham Əliyev prosesi “dünya birliyinə” demokratiya təntənəsi kimi təqdim edib, sonra Paşayevlərin adamlarını parlamenta dolduracaq. Rejim parlamenti istədiyi kimi formalaşdırmaqda onsuz da qərarlıdır. “Dünya birliyi” də buna razıdır. Qalır Azərbaycan demokratlarının xalqı oyatmağı ki, bu xalq nə vaxtsa ayağa qalxsın və həm Əliyevlərin oyununu, həm də “dünya birliyinin” oyununu pozub müstəqil Azərbaycan hökuməti qursun,” ekspert Facebook səhifəsində qeyd edib.

YAP icra katibi Əli Əhmədov
YAP icra katibi Əli Əhmədov

Əli Əhmədov: Radikalçılığa Azərbaycanın siyasət meydanında yer yoxdur

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bildirib ki, YAP-ı təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı irəli sürdüyü təşəbbüs əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənir.

“Bu təşəbbüs ölkənin həyatının demək olar ki, bütün sahələrini əhatə edən islahatlar uğurla həyata keçirilir və inkişafın yeni mərhələsinə keçid üçün əlverişli şərait yaradır. Əslində, yaşadığımız dövrü tariximizin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar mərhələsi adlandırmaq daha düzgün olardı. Artıq bir neçə ildir həyata keçirilən islahatlar keyfiyyətcə yeni mərhələyə çatıb və idarəetmə sahələrini əhatə edir. İcra hakimiyyəti sahəsində ciddi struktur islahatları, kadr dəyişiklikləri idarəetmənin çevikliyini artırmağa, səmərəlilik səviyyəsini yüksəltməyə hədəflənib. Hakimiyyətin digər qolu – məhkəmə hakimiyyəti sistemi də islahatlarla əhatə olunub və bu islahatların getdikcə genişlənməsi gözlənilir,” o, Facebook səhifəsində yazıb.

Əli Əhmədov Milli Şuranın seçki islahatları ilə bağlı bəyanatına da münasibət bildirib. Milli Şuranın bəyanatda seçkilərdə iştirak üçün seçki mühitinin demokratikləşdirilməsi üçün islahatların vacibliyi qeyd edilir. Seçki qanunvericiliyində dəyişikliklər edilməlidir, seçki komissiyalarında paritetb təmin edilməli, toplaşmaq, media azadlığı təmin edilməli, siyasi məhbus kimi tanınan şəxslər həbsdən buraxılmalıdır.

Əli Əhmədov bildirir ki, gətirilən misallar fonunda "Azərbaycanın radikal müxalifətinin siyasi həyatın bu adi hadisəsinə ənənəvi olaraq şər və böhtan prizmasından yanaşması, yumşaq desək, başadüşülən deyil".

Aydın şəkildə görünür ki, radikal müxalifət seçki formasından istifadə etmək niyyətində deyil. Milli Şuranın parlamentə növbədənkənar seçkilərdə iştirak etmələri ilə əlaqədar irəli sürdükləri “şərtlər zərfi” bunu aydın sübuta yetirir.
Əli Əhmədov, YAP icra katibi

“Həmin siyasi partiyalar yeni bir seçki şansından bəhrələnmək əvəzinə yenə də onun boykot edilməsindən söhbət açırlar. Aydın şəkildə görünür ki, radikal müxalifət seçki formasından istifadə etmək niyyətində deyil. Milli Şuranın parlamentə növbədənkənar seçkilərdə iştirak etmələri ilə əlaqədar irəli sürdükləri “şərtlər zərfi” bunu aydın sübuta yetirir. Açığı, hər hansı partiyanın seçkilərdə iştirakla bağlı şərtlər irəli sürməsi əcaib görünür. Siyasi partiyanın seçkilərdə iştirakı onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir. Bundan kənar hər hansı amil siyasi partiyanın mövcudluğuna haqq qazandıra bilməz. Digər tərəfdən, Azərbaycanda bütün seçkilər, o cümlədən, parlament seçkiləri mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilir. Seçki Məcəlləsi isə hər hansı əlahiddə partiya üçün qəbul edilməyib və bu səbəbdən ayrıca götürülmüş partiyanın seçkidə iştirak etməklə bağlı şərtlər irəli sürməsi demokratiya və bərabər imkanlar anlayışına qətiyyən uyğun gəlmir. Ayrıca götürülmüş partiya tərəfindən xüsusi şərtlərin irəli sürülməsi əslində onun məkrli niyyətindən xəbər verir. Ölkədə keçirilən bələdiyyə seçkilərində iştirak etməyən, gözlənilən parlament seçkilərində iştirak etmək üçün xüsusi şərtlər irəli sürən təşkilat, heç şübhəsiz, seçkidən daha çox radikallaşmaq və qarşıdurma yaratmaq haqqında düşünür. Bu mənada onların həm niyyəti, həm də davranışları bəzi anti-Azərbaycan qüvvələrin istək və arzuları ilə üst-üstə düşür. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli yığıncaqda qeyd etdiyi kimi, yalnız Azərbaycan xalqı, onun dövləti xalqımızın milli maraqlarına uyğun fəaliyyət göstərir və göstərə bilər. Anti-Azərbaycan qüvvələrin niyyəti isə öz maraqları çərçivəsində Azərbaycana problemlər yaratmaq, imkan düşdükdə zərbə vurmaqdır. Ona görə də Azərbaycanda islahatların keçirilməsi, iqtisadiyyatın artması, dövlətin güclənməsi həmin qüvvələri təşvişə salır. Bəzi siyasi partiyalar anti-Azərbaycan qüvvələrin əlində vasitəyə çevrilməsi səbəbindən həyata keçirilən genişmiqyaslı islahatlar konsepsiyasına qarşı çıxır, ona qara yaxmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının xoş niyyətindən irəli gələn və islahatların daha da sürətlənməsinə xidmət edən təşəbbüsünə radikal müxalifətin əks çıxması da məhz bu qəbildəndir. Anti-Azərbaycan qüvvələrin narahatçılığı onlara da sirayət edib.

Radikalçı mövqedə dayanan və hər addımda anti-milli qruplar kimi özünü göstərən partiyaların ölkədə keçirilən seçkilərdə iştirakdan müxtəlif səbəblərlə imtina etməsinin kökündə dayanan daha bir səbəb var. Bu da onların ictimai dayaqdan məhrum olması, sosial bazasını bütünlüklə itirməsidir. Seçicilər tərəfindən dəstəklənmədiyini aydın başa düşən həmin radikal partiyalar fəaliyyətlərini yalnız yalan, böhtan təbliğatı üzərində qurur, qarşıdurma yaratmağa çalışır. Onlar təlaş içindədir. Çünki islahatlar genişlənib dərinləşdikcə ölkə daha da inkişaf edir, dövlətin qüdrəti artır, xalqla iqtidarın birliyi güclənir. Radikal müxalifətin təxribatçı hərəkətlərinin sahəsi isə daralır və onlar küncə sıxılır. Bu isə göstərir ki, radikalçılığa Azərbaycanın siyasət meydanında yer yoxdur,” Əli Əhmədov qeyd edir.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: Yazıq Azərbaycan, gör səni hansı təfəkkürlə idarə edirlər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli YAP icra katibinə cavabında bildirir ki, rejim Əli Əhmədovun dililə Milli Şuranın seçki islahatları təklifinə yox deyib.

“Əli Əhmədov Milli Şuranın təkliflərinin qəbuledilməzliyini öz aləmində əsaslandırıb. Üstəlik, bizim təklifləri təhlil edib, belə qənaətə gəlib ki, Milli Şuranın “həm niyyəti, həm də davranışları bəzi anti-Azərbaycan qüvvələrin istək və arzuları ilə üst-üstə düşür.”

- Əli Əhmədovun sözündən belə çıxır ki, Məzahir Pənahovun rəhbərlik etdiyi saxtakar seçki komissiyalarını dəyişdirmək tələbi anti- Azərbaycan mövqeyidir, ancaq bu saxtakarlarla saxtakarlığı davam etmək, milyonlarla insanın seçki hüququnu əlindən almaq əsl milli mövqe.

YAP sözçüsünə görə, xalqımıza Bakıda və regionlarda sərbəst toplaşma azadlığı tələb etmək anti-Azərbaycan mövqeyidir, ancaq istənilən mitinqi, piketi qəddar zorakılıqla dağıtmaq, mitinq təşkilatçılarına işgəncə vermək əsl milli mövqedir.
Əli Kərimli, AXCP sədri

- Rejimə görə, deputatlığa namizədlərin qeydə alınmasını tələb etmək anti-Azərbaycan tələbdir və birbaşa Azərbaycan dövlətini sarsıda bilər, ancaq rejimin uyğun bilmədiyi namizədləri heç seçki prosesinə buraxmamaq tamamilə vətənpərvər, milli mövqedir.

- YAP sözçüsünə görə, xalqımıza Bakıda və regionlarda sərbəst toplaşma azadlığı tələb etmək anti-Azərbaycan mövqeyidir, ancaq istənilən mitinqi, piketi qəddar zorakılıqla dağıtmaq, mitinq təşkilatçılarına işgəncə vermək əsl milli mövqedir.

- YAP-a, Əli Əhmədova görə, seçki müşahidəçilərinin səslərin hesablanmasını birbaşa müşahidə edə bilməsini, onlara seçki protokollarının surətlərini almaq hüququ verilməsini istəmək birbaşa Azərbaycana qarşı tələbdir, ancaq seçki müşahidəçiliyinə imkan vermədən nəticələri istədikləri şəkildə saxtalaşdırmaq əsl vətənpərvərlikdir.

- Rejim Əli Əhmədovun dililə demək istəyir ki, siyasi məhbuslara azadlıq tələb etmək anti-Azərbaycançılıqdır, ancaq onları şərlədib həbs etdirmək əsl vətənpərvərlikdir.

İndi bildinizmi bunların millilik, vətənpərvərlik anlayışı nədən ibarətdir? Yazıq Azərbaycan, gör səni hansı təfəkkürlə idarə edirlər,” AXCP sədri Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG