Avropa Parlamenti bu həftə “Rusiyada repressiyalar”ı müzakirə edəcək

Avropa Parlamentinin prezidenti Roberta Metsola Rusiyanı həbsdə olan jurnalist və müxalif siyasətçiləri azadlığa buraxmağa çağırıb. Strasburqda bazar ertəsi başlayan plenar iclasın açılışında çıxış edən Roberta Metsola həbsdə olan müxalifət lideri Aleksey Navalnının səhhətinin pisləşməsi ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.

“Həbsdə olan müxalifət lideri, Saxarov mükafatı laureatı Aleksey Navalnının səhhəti ilə bağlı yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Jurnalistlər onun vəziyyətinin kritik olduğunu xəbər verir. Mən bir daha Avropa Parlamenti adından onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıram,” o qeyd edib.

Navalnının sözçüsü Kira Yarmışın ötən həftə yaydığı məlumata görə, o, naməlum mədə xəstəliyindən əziyyət çəkir və son iki həftədə 8 kiloqram çəki itirib. “İstisna etmirik ki, Aleksey Navalnı yavaş-yavaş zəhərlənir, yavaş-yavaş öldürülür ki, daha az diqqəti cəlb etsin”, Yarmış Twitter-də yazıb.

Navalnının səhhəti ilə bağlı suala Kreml onun səhhətinin vəziyyətini izləmədiyini və bunun federal penitensiar xidmətinin işi olduğunu bildirib.

Aprelin 17-si daha bir rusiyalı müxalif siyətçi Vladimir Kara-Murza dövlətə xəyanətdə ittiham edilərək Moskva Şəhər Məhkəməsi tərəfindən 25 il həbsə məhkum edilib. ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələr, beynəlxalq təşkilatlar Kara-Murzanın həbsini pisləyib, onun dərhal azad edilməsinə çağırıblar. Rusiya Xarici İşlər Nazirinin sözçüsü Mariya Zaxarova verilən bəyanatların “Rusiyanın daxili işinə müdaxilə” olduğunu deyib.

Avropa Parlamenti bu həftə insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin pozulması hallarına dair təcili debatlar proseduru üzrə “Rusiyada repressiyalar, xüsusən də Vladimir Kara-Murza və Aleksey Navalnının işi” mövzusunu müzakirə edəcək və qətnamə layihəsinə səs verəcək.

Avropa Parlamenti Prezidenti həmçinin Rusiyanı jurnalist Evan Gerşkoviçi azadlığa buraxmağa çağırıb.

“Bu gün The Wall Street Journal-ın müxbiri, jurnalist Evan Gerşkoviçin Rusiyada həbs edilməsindən 20 gün keçir. Mən onun sərbəst buraxılmasına dair çağırışlarımızı təkrarlamaq, Avropa Parlamentinin onu ən qısa zamanda azad görmək üçün çalışacağını bir daha vurğulamaq istəyirəm. Jurnalistlər həyatlarına və ya azadlıqlarına təhdid olmadan işlərini görə bilməlidirlər. Bu, keçilməməli olan xətdir,” Roberta Metsola deyib.

Amerikalı jurnalist, The Wall Street Journal-ın Moskva müxbiri Evan Gerşkoviç martın 29-u Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən casusluq ittihamı ilə saxlanılıb. ABŞ-ın Rusiyadakı səfirliyinin yaydığı məlumata görə, səfir Linn Treysi bazar ertəsi Gerşkoviçi saxlanıldığı Lefortovo istintaq təcridxanasında ziyarət edib.

“İki həftədən çox əvvəl qanunsuz həbsindən sonra ilk dəfə onunla görüşümüzə icazə verildi. Onun səhhəti yaxşıdır və güclüdür. Biz onun dərhal azad edilməsinə çağırışımızı təkrar edirik”, Treysi deyib.