İran mediasında dərc olunan xəbərlərə görə, Ramazan ayı başlayandan bəri ümumilikdə 23 iş yeri Marağa şəhərində möhürlənib.
İran İslam Respublikasının rəsmi İRİB xəbər agentliyi aprelin 5-də Marağa şəhərində 13 iş yerinin möhürlənməsi, yarı-rəsmi İSNA xəbər agentliyi isə Ramazan ayında icazəsiz fəaliyyət göstərmə səbəbilə son həftə ərzində 10 iş yerinin möhürlənməsi barədə məlumat yayıb.
Marağa şəhərinin polis komandiri polkovnik Tovhid Farsi İran mediasına bildirib ki, şəhərdə 250 müxtəlif restoran xəbərsiz şəkildə ziyarət edilib və ümumilikdə 60-dan çox restorana xəbərdarlıq edilib.
Şərqi Azərbaycan vilayətində yerləşən Marağa şəhərində yeyib-içməyi qadağan edən Ramazan qaydalarına əməl edilmədiyi üçün bu iş yerləri möhürlənib.
İranda polis Ramazan ayı ərzində vətəndaşların ümumi yerlərdə yeyib-içməsinin qarşısını almaq üçün şəhərdə və xüsusilə restoranlarda, kafelərdə, yeməkxanalar və bənzəri yerlərə nəzarət edir və hər il bu ayda Ramazan qaydalarını pozmaqla təqsirləndirilən iş yerlərinin möhürlənməsi xəbərləri yayılır.
Son aylarda ölkədə və İran Azərbaycanında məcburi hicab qaydalarına riayət etməyən qadınların sayında artış müşahidə olmaqla yanaşı, qadınların məcburi hicab qaydasını pozduğu üçün bir neçə iş yeri polis tərəfindən möhürlənib.