Accessibility links

İran höküməti ‘hicab qaydalarına riayət etməyən’ iş yerlərini möhürləməkdə davam edir


Qumda möhürlənən Mehrimah kompleksi
Qumda möhürlənən Mehrimah kompleksi

İran höküməti "hicab qaydalarına riayət etməmək" iddiası ilə iş yerləri və ticarət obyektlərini möhürləməkdə davam edir. Rəsmilər keçən bir həftə ərzində Qəzvin və Qum şəhərlərində ən az 6 iş yerinin möhürləndiyini bildirib.

Son vaxtlar bəzi kütləvi informasiya vasitələri İranda hicaba nəzarət edən və "İrşad Dövriyyələri" olaraq tanınan qüvvələrin ləğv edildiyinə dair xəbərlər yaymışdı. Ancaq, iş yerlərinin möhürlənməsi İslam Respublikasında sərt hicab qaydalarının tətbiqinə davam edildiyini göstərir.

Cümə günü İran mətbuatında dərc edilən xəbərlərə görə, Qum-Tehran yolunda yerləşən Mehrimah adlı böyük turizm və ticarət komplkesi “hicaba riayət etməmək və bu barədə verilən xəbərdarlıqlara məhəl qoymamaq" səbəbilə möhürlənib.

Mehrimah kompleksində 700 nəfərin çalışdığı bildirilir.

Qəzvin şəhərində iş yerlərinin möhürlənmə xəbərini isə rəsmi dövlət agentliyi İRNA bazar ertəsi günü yaymışdı.

İRNA-nın Qəzvinin ümumi və inqilab prokuroru Hüseyn Rəcəbiyə istinadən yaydığı xəbərdə 3 kafe, bir "fast food" restoranı və bir çörəkçi mağazasının hicab qaydalarına riayət etməmək səbəbilə möhürləndiyi bildirilib.

"Bu iş yerləri onlarda hicabın açılması və hicabsız şəxslərə xidmət verilməsi səbəbilə qapadılıblar" , prokuror Rəcəbi bildirib.

Qəzvində iki həftə əvvəl də bir geyim mağazası oxşar səbəblər üzündən möhürlənmişdi.

İranda keçən sentyabr ayında hicabını düzgün geyinmədiyi iddiası ilə əxlaq polisi tərəfindən nəzarətə alındıqdan sonra 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlanan ümummilli etirazlar hakimiyyət qüvvələrinin qanlı müdaxilələrinə rəğmən hələ də ölkənin müxtəluf vilayətlərində davam edir.

XS
SM
MD
LG