Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Kamran Bayramov, Sabir Hacıyev, Razi Nurullayev aprelin 17-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşdirilən səfər çərçivəsində deputatların Ukrayna Ali Radasının spikeri, Azərbaycanla parlament dostluq qrupunun üzvləri, Ukraynadakı Azərbaycan diasporu və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səfər aprelin 21-də başa çatacaq.
Azərbaycan-Ukrayna əlaqələri Rusiyanın 2022-ci ilin fevral ayında Ukrayna qarşı hərbi müdaxiləyə başlamasından əvvəl və müharibə dövründə inkişaf etməkdədir. Azərbaycan Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə təsdiq edib.
Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.
Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.
Müxtəlif mənbələrin məlumatına görə, Ukraynada müharibədən öncə təxminən 500 min azərbaycanlı yaşayıb. Bu ölkənin çoxsaylı şəhərlərində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Azərbaycanda isə rəsmi statistikaya görə, 21.5 min ukrayn yaşayır.
Hər iki ölkə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatla (GUAM) yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatnda təmsil olunur.
Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində çoxsaylı səfərlər olub və iki ölkə arasında onlarla sənəd imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev sonuncu dəfə 2022-ci ilin yanvarında Ukraynada səfərdə olub.