1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Zamin Salayev 55 gündür aclıq edir. O şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz edir.
Vəkil Nemət Kərimli aprelin 1-də onunla telefonla danışıb.
“Zamin Salayev aclığı davam etdirir. O sanki ümidsiz danışırdı. Səhhəti ağır olaraq qalır. Qan təzyiqi həddindən çox aşağıdır, ürək ritmləri zəifləyib. Belində və başında kəskin ağrılar var. Artıq hərəkət etməyə taqəti yoxdur, çox zəifləyib”, vəkil Amerikanın Səsinə deyib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, Salayev 55 gündür aclıq etməsinə baxmayaraq, hələ də təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib.
“Həkim nəzarəti demək olar ki, yoxdur. Yalnız Zamin Salayevin səhhətində kəskin problemlər yarananda 3-5 saatdan sonra həkim gəlir”, o qeyd edib.
Kərimlinin sözlərinə görə, Ombudsmanın nümayəndədləri Salayevə iki dəfə baş çəkib, prokurorluğa və Penitensiar Xidmətə müraciət etmələrinə baxmayaraq Salayevə qarşı münasibətdə hər hansı dəyişiklik baş verməyib.
Vəkilin dediyinə görə, Zamin Salayevlə bağlı istintaq yekunlaşmaq üzrədir.
Martın 30-da Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatəti təmin etməyib. Vəkil aprelin 3-də məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.