1 saylı Bakı İstintaq Təcridxanasında 50 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayev 37 kiloqaram çəki itirib. Onun səhhəti çox ağırdır. Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.
Bu barədə martın 28-də istintaq təcridxanasında Salayevlə görüşdən sonra vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.
“Zamin Salayev təcridxanaya qəbul olunanda çəkisi 126 kiloqram olub. Hazıda çəkisi 89 kiloqramdır. O, 37 kiloqram çəki itirib. Artıq sərbəst yeriyə bilmir. Mənimlə görüşə təcridxananın əməkdaşları onun qoluna girərək gətidri. Bir neçə gün öncə gecə saatlarında Salayevin qan təzyiqi kəskin aşağı düşüb və huşunu itirərək yıxılıb. Həkim müdaxiləsindən sonra ayılıb”, vəkil qeyd edib.
Kərimlinin sözlərinə görə, Salayev hələ də təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib.
“O, ümüumi kamerada saxlanılır. Həkim nəzarəti yoxdur”, Kərimli bildirib.
Vəkil həmçinin martın 13-də poçt vasitəsi ilə Qaradağ rayon Məhkəməsinə Salayev barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət göndərdiyini bildirib.
“Artıq 15 gün keçib, amma sifarişlə göndərdiyim məktub Bakının bir rayonundan digər rayonuna yetişməyib. Sabah özüm məhkəməyə gedib vəsatəti təqdim edəcəm”, o qeyd edib.
O həmçinin deyib ki, Zamin Salayev sonadək aclığı davam etdirməkdə israrlıdır.
“Mən partiya rəhbərlərinin, ictimai xadimlərin, ailəsinin aclığı dayandırması ilə bağlı xahişini ona çatdırdım. Salayev minnətdarlıq etdi və aclığı sonadək davam etdirəcəyini bildirdi”, Kərimlıi deyib.
Zamin Salayevin sağlamlıq durumu ilə bağlı Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.
Ombudsman Aparatının əməkdaşları indiyədək iki dəfə təcridxanada Zamin Salayevlə görüşüb.
Ombudsman Aparatı görüşün nəticəsi olaraq Zamin Salayevə qarşı münasibətlə bağlı Penitensiar Xidmətə və prokurorluğa müraciət edib.
Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.
Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.