Accessibility links

Həbsxanada 46 gündür aclıq edən AXCP fəalının yıxılaraq başından zədə aldığı bildirilir


Zamin Salayev (Arxiv foto. Mənbə: VOA)
Zamin Salayev (Arxiv foto. Mənbə: VOA)

1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin Martın 23-də gün ərzində 3 dəfə huşunu itirərərək yıxıldığı bildirilir.

“Atam yıxılan zaman başı döşəməyə dəyib və ciddi zədə alıb. Bundan sonra danışığı çətinləşib, yaddaşında problemlər yaranıb. Atama həkim nəzarəti yoxdur. Səhhəti çox ağırdır”, Salayevin oğlu Oqtay Salayev Amerikanın Səsinə bildirib.

Zamin Salayevin sağlamlıq durumu ilə bağlı Penitensiar Xidmətdən və Ombudsman Aparatından məlumat almaq mümkün olmayıb.

AXCP Salyan rayon təşkilatının sədri Zamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 46 gündür aclıq edir. Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

Zamin Salayev martın 21-də ailəsi ilə telefon danışığı zamanı bildirib ki, Ombudsmanın nümayəndələri iki dəfə onunla görüşüb və ona qarşı münasibətin dəyişəcəyini bildiriblər.

"Ancaq atamı nə həkim müayinə edir, nə də ailəsi ilə görüşə imkan vermirlər", telefon danışığından sonra Salayevin ailəsindən Amerikanın Səsinə deyiblər.

Xatırladaq ki, Ombudsman Aparatı görüşün nəticəsi olaraq Zamin Salayevə qarşı münasibətlə bağlı Penitensiar Xidmətə və prokurorluğa müraciət edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə bildirilib ki, Zamin Salayev konfidensial şəraitdə ombudsmanın nümayəndələri tərəfindən qəbul olunub.

"Ombudsmanın mandatı çərçivəsində lazımi tədbirlər görüləcək. Ötən dəfə də qeyd etdiyimiz kimi, aidiyyatı qurumlara sorğu göndərilib. Aiddiyatı qurumlardan cavab alan kimi müvafiq məlumat yayılacaq", Mətbuat xidmətinin rəhbəri Emil Şahzadə martın 17-də ombudsmanın nümayəndələrinin Salayevlə ikinci görüşündən sonra Amerikanın Səsinə bildirib.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG